XOCALI SOYQIRIMI

 

XOCALI SOYQIRIMI

Azərbaycan Respublikasının ən qədim insan məskənlərindən biri, tarixi abidələrlə zəngin olan Xocalı 1991-ci il noyabr ayının 26-da rayon statusu almışdır. Rayonun ərazisi 0,97 min kv. km., əhalisi 24.417 nəfər idi. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd yerləşirdi. Xocalı şəhərinin Ermənistan Respublikası tərəfindən işğal edilən ərəfədə 7 min nəfər əhalisi var idi.

Erməni quldurları Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsus Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqimi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideyninin itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.

Bütün bu dəhşətləri görən 366-cı alayın 02270 saylı xüsusi şöbəsinin rəisi polkovnik Vladimir Savelyev Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlandığı hesabatında Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir:

“Məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi”.

Hadisələri ilk olaraq videolentə alan Azərbaycan jurnalistlərinin - Seyidağa Mövsümlü və Çingiz Mustafayevin çəkdikləri video-görüntülərdən məlum oldu ki, öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı:

“Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.

1992-ci il martın 10-da Rusiya Federasiyasının Prezidenti B.Yeltsinin ünvanına Daxili İşlər Naziri Yerin məktub göndərir və Xocalı hadisəsi ilə bağlı görüşmək istədiyini bildirir və məktuba Xocalı faciəsi ilə bağlı video-kasseti əlavə edir. General Yerin B.Yeltsinə yazırdı:

“Xocalıda uşaqları, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi soyulmuşdur”.

Videolentdə 366-cı alayın cinayət hərəkətləri qeydə alınmışdı. B.Yeltsin videokassetə baxdıqdan sonra xüsusi sərəncam (0219/21-OD- 1992.III.12) imzaladı və bu sərəncama əsasən bu videogörüntülərin Rusiya Federasiyası ərazisində göstərilməsi qadağan edildi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqqında xüsusi fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin bu qərarı əsasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyası Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» Beynəlxalq Təbliğat və Məlumatlandırma Kompaniyası təşkil olundu. Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan «Xocalıya Ədalət» kampaniyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də «Xocalıya Ədalət» kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. Son illər ərzində beynəlxalq arenada aparılan uğurlu təbliğat işləri nəticəsində bir çox dünya ölkələrinin parlamentləri Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayəti Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti kimi tanımışdır.


Xocalı faciəsini əks etdirən fotoşəkillər