AZƏRBAYCANIN MÜASİR TARİXİ
(1918-2011-ci illər)
Azərbaycanın müasir dövr tarixi 1918-2011-ci illəri əhatə edir. Müasir Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli ictimai-siyasi və sosial-iqtisadi hadisələrin zənginliyi ilə xarakterizə edilən bu dövr Rusiya imperiyasının süqutu və Şimali Azərbaycan torpaqlarında qədim milli dövlətçiliyin bərpası ilə bərabər Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında milli-azadlıq hərəkatının yeni vüsət alması ilə daha çox seçilir. 1918-ci ilin fevralında Cənubi Qafqaz Seyminin (parlamentinin) və həmin ilin aprelində Cənubi Qafqaz Federasiyası hökumətinin yaradılması Azərbaycan və Gürcüstan xalqlar tarixində milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atılan ilk addımlar idi. Lakin, bütün bunlarla yanaşı bu dövr həm də Azərbaycan xalqına qarşı Sovet Rusiyasının siyasi rəhbərlərinin bilavasitə əmri və hərbi-maddi yardımı ilə bolşevik və daşınan partiyalarının rəhbərlərindən biri olan Bakı sovetinin sədri cəllad S.Şaumyanın birbaşa iştirakı ilə törədilən soyqırımı cinayətinin qəddarlığı, insan zəkasına sığmayan hərəkətləri və miqyası ilə diqqəti cəlb edir. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin buraxılması və bu prosesdə ermənilərin Azərbaycan və Gürcü xalqlarına qarşı tutduqları xəyanətkar mövqe bu dövrün çox mühüm siyasi hadisələrindən sayılır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın XX əsr tarixində ən möztəşəm hadisə hesab olunur. 23 ay ərzində Şimali Azərbaycan ərazisində mövcud olmuş milli dövlətçilik ənənəsi 70 illik Sovet Rusiyasının işğalından sonra, 1991-ci ildə yenidən bərpa olundu. 1918-1920-ci illərdə AXC-nin Milli Şurasının və təsis olunmuş Parlamentin qanunvericilik fəaliyyəti, Nazirlər Kabinetlərinin təşkili və fəaliyyəti, AXC-nin xarici siyasəti, AXC Parlamentinin sədri Ə.Topçubaşovun 1919-cu ildə Paris Sülh Konfransında iştirakı, AXC ilə Sovet Rusiyası arasında yaranmış münasibətlər, 1920-ci il yanvarın 11-də AXC-nin de-fakto tanınması, 1920-ci ilin fevral-aprel aylarında AXC-də daxili-siyasi vəziyyətin gərginləşməsi və həmin il aprelin 28-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində AXC-nin süqutu XX əsr Azərbaycan tarixində mühüm bir mərhələ təşkil edir. Bu tarixi hadisələr içərisində 1920-1921-ci illərdə Şimali Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət hərəkatı, Azərbaycan xalqına qarşı soyqırmı siyasətinin başqa formada davam etdirilməsi, Sovet Rusiyasının işğalından sonra Azərbaycan neft sənayesinin milliləşdirmə adı ilə mənimsənilməsi və qarəti, Azərbaycan SSR-də yeni iqtisadi siyasətin tətbiqi, 1922-ci ildə Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvi, Azərbaycan SSR azərbaycanlı əhalinin iradəsinin əleyhinə olaraq DQMV-nin (1923) və Naxçıvan MSSR-in təşkili (1924), 1921-ci ildə RSFSR, Azərbaycan SSR, Türkiyə, Ermənistan SSR və Gürcüstan SSR-in iştirakı ilə Moskva (mart 1921) və Qars (oktyabr 1921) beynəlxalq müqavilələrinin imzalanması, onların tarixi və siyasi nəticələri, 1921-1929-cu illərdə Azərbaycan SSR-in Zəngəzur, Dərələyəz və digər ümumi sahəsi 19,8 min. km2 olan torpaqların Sovet Rusiyasının təzyiqi ilə Ermənistan SSR-ə verilməsi, o cümlədən respublikanın şimal-qərb ərazilərinin böyük bir qisminin Gürcüstan SSR tərkibinə verilməsi məsələləri müasir Azərbaycan tarixi şöbəsinin diqqət mərkəzində saxladığı ən mühüm elmi məsələlərdəndir. 1925-1932-ci illərdə Azərbaycan SSR-də aparılan iqtisadi siyasət və onun nəticələri, 1922-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin mərkəzi hökumətin məqsədli şəkildə milli kadrlardan təmizləməsi işi və onun ağır nəticələri, 1934-1953-cü illərdə mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi represiya siyasətinin törətdiyi fəlakətlər daimi elmi araşdırma mövzularıdır.

1941-1945-ci illər müharibəsi dövrü Hitler faşizminin təcavüzünə məruz qalan bütün xalqlar kimi, Azərbaycan xalqının da tarixində çox mühüm bir dövr təşkil edir. Bütün bəşəriyyətin xilası üçün göstərilən səylər, dünya xalqlarının antihitler koalisiyasında birləşərək faşizmə qarşı apardığı mübarizədə Azərbaycan xalqının, xüsusilə də onun ən qiymətli sərvətlərindən biri olan Bakı neftinin müharibənin qələbə ilə başa çatmasında oynadığı müstəsna və həlledici rol, təkcə milli tarixşünaslıqda deyil, bütövlükdə dünya tarixşünaslığında bu gün də ən aktual elmi məsələlərdən sayılır. 1941- 1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş siyasi proseslər, milli-azadlıq hərəkatı, Milli hökumətin fəaliyyəti və onun İran, ABŞ, İngiltərə və keçmiş SSRİ dövlətlərinin birgə cinayətkar səyləri nəticəsində boğulması milli tarixşünaslığımızın ən önəmli məsələlərindən sayılır. 1941-1945-ci illər müharibəsində azərbaycanlıların Avropa müqavimət və partizan hərəkatında iştirakı, Əhmədiyyə Cəbrayılov və Mehdi Hüseynzadənin timsalında onların göstərdikləri əvəzsiz qəhrəmanlıqlar Azərbaycan milli və o cümlədən xarici ölkələrin tarixşünaslığında daim işlənən mövzulardandır.

1946-1954-cü illər Azərbaycan SSR tarixində mühüm bir mərhələ təşkil edir. Bu illərdə Azərbaycan xalqının tarixində çox mühüm siyasi, sosial-iqtisadi və ictimai proseslər baş verir. Azərbaycan SSR iqtisadiyyatı, xüsusilə də onun neft sənayesinin müharibə nəticəsində keçmiş SSRİ dövlətinin dağıdılmış ərazilərinin bərpa edilməsində oynadığı həlledici rol göstərilən illər ərzində Azərbaycan SSR-də beş yeni iqtisadi sahənin yaranması məsələləri – bütün bunlar XX əsrin II yarısında Azərbaycan xalqına dövlət müstəqilliyinin bərpasının əsaslarını yaratmağa imkan verdi. 1955-1969-cu illər Azərbaycan SSR tarixində ictimai-siyasi mühitin mülayimləşməsi, iqtisadiyyatda baş vermiş dəyişikliklər, respublika həyatında yaranmış süstlük və bunun səbəbləri müasir milli tarixşünaslıqda öz əksini tapmışdır və bu dövrün problemlərinin tədqiqi bu gün də davam etdirilir.

1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək olan dövr Azərbaycan xalqı tarixində xüsusi bir mərhələ təşkil edir. Bu dövr görkəmli dövlət xadimi, milli lider, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin SSRİ dövlətinin mövcud olduğu zaman Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan SSR-də H.Ə.Əliyevin rəhbərliyi altında müasir Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılmış və milli tarixşünaslıqda bu dövr xüsusi tədqiqat problemi hesab edilir.

1985-1991-ci və 1993-cü illər Azərbaycan tarixində ağır böhranlı bir dövr olmaqla bərabər, həm də milli taleyimizin ən mühüm hadisəsi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi bir dövrdür.

Keçmiş SSRİ rəhbəri M.S.Qorbaçovun hakimiyyətə gəlməsi, elmi və məntiqi əsası olmayan «yenidənqurma» siyasətinin iflasa uğraması, 1987-ci ilin oktyabrında görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və bundan sonra Ermənistan SSR-in Azərbaycan SSR-ə ərazi iddiaları qaldırması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, 1988-ci ilin sonunda Ermənistan SSR-dən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından deportasiya olunmaları, 1989-cu ildə Azərbaycan SSR-də milli-azadlıq hərəkatının başlanmasından sonra Sovet Ordusunun Bakıya hərbi təcavüzü və 20 yanvar faciəsi, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya qanunun qəbul olunması, dekabrın 8-də SSRİ dövlətinin süqutu, 1992-ci ilin fevralında Xocalı şəhərinin Rusiya Federasiyası və qondarma Ermənistan Respublikası birləşmiş silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində soyqırımı cinayətinin törədilməsi, 1990-cı ilin iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin vətənə qayıdışı, 1991-ci ilin sentyabrında onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi və ağır hərbi-siyasi blokada şəraitində Naxçıvan MR da daxil olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, 1992-ci ildə AXC Musavat siyasi blokunun Azərbaycan Respublikasında hərbi çevrilişə qarşı etiraz edərək hakimiyyəti güc tətbiq etməklə ələ almaları, həmin ilin mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin RF və Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən işğalı, 1993-cü il aprelin 2-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğalı və bunun nəticəsində ölkədə hərbi-siyasi böhranın dərinləşməsi, 4 iyun hadisələri və ölkədə vətəndaş müharibəsi təhlükəsinin yaranması və bu ağır böhranlı vəziyyətdən çıxmaq üçün 91 nəfər Azərbaycan Respublikasının tanınmış ziyalılarının Heydər Əliyevə ünvanladıqları müraciət, 15 iyun 1993-cü il tarixdə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, 1993-cü il iyul-noyabr aylarında RF-qondarma Ermənistan Respublikası hərbi təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ətrafında yerləşən 7 inzibati rayonun işğalı və digər hərbi, siyasi hadisələr bütövlükdə müasir Azərbaycan Respublikası tarixinin həmişə tədqiqə ehtiyacı olan elmi problemlərdəndir.

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu. Rusiya Federasiyasının hərbi yardımı ilə qondarma Ermənistan Respublikasının təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ətrafında yerləşən 7 inzibati rayonu işğal etməsinə baxmayaraq, öz milli liderinə böyük inam bəsləyərək onun rəhbərliyi altında erməni faşizminə qarşı mübarizə qalxdı. 1993-cü ilin noyabr-dekabr və 1994-cü ilin yanvarında Azərbaycan Respublikasının Silahlı Qüvvələri erməni işğalçılarına ağır hərbi zərbələr vuraraq bir sıra işğal olunmuş əraziləri azad etdi. 1994-cü ilin yazında bir-birinin ardınca ağır məğlubiyyətlərə düçar olan qondarma Ermənistan Respublikası öz himayədarı RF-sı vasitəsi ilə atəşkəs əldə etmək üçün Azərbaycan Respublikası rəhbərliyinə müraciət etdi. Ölkədə və o cümlədən cəbhədə yaranmış vəziyyəti dərindən analiz edən Prezident Heydər Əliyev 1994-cü il may ayının 12-də qondarma Ermənistan Respublikası atəşkəs imzalanmasına razılıq verdi və həmin gün Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində tərəflər arasında müvafiq sənəd imzalandı. Respublikanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 inzibati rayonun işğal olunmasına baxmayaraq atəşkəsin imzalanması Azərbaycan Respublikasının həm hərbi, həm də diplomatik uğuru idi. Atəşkəs rejimindən çox səmərəli istifadə edən Azərbaycan Respublikası çox qısa bir müddət ərzində istər ölkə daxilində və istərsə də beynəlxalq aləmdə öz mövqelərini xeyli möhkəmlətdi. Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində Fransa, İngiltərə, Türkiyə Cümhuriyyətinə və ÇXR-a rəsmi dövlət səfərləri və 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycan Respublikasının daxili və xarici siyasətində ən mühüm hadisələr kimi qiymətləndirilir.

1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında Azərbaycan Respublikası çox uğurlu bir diplomatik qələbə qazandı. Budapeşt zirvə toplantısında edilmiş qərara əsasən tərəflər arasında aparılan danışıqlar uğurla nəticələndiyi təqdirdə münaqişə zonasına ATƏT-in yaratdığı Minsk qrupuna daxil olan 9 ölkədən başqa, yalnız neytral dövlətlərin hərbi qüvvələri yerləşdirilməsi nəzərdə tutulurdu. 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs razılığına əsasən münaqişə zonasına 3-cü ölkənin sülh-məramlı qüvvələri yeridilmədi. Bütün bunlar çox ağır hərbi, ictimai-siyasi və iqtisadi şəraitdə yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının əldə etdiyi ilk uğurlar idi. Əldə edilmiş bu ilk dövlətçilik uğurlarını məhv etmək üçün Azərbaycan Respublikasının daxildə və xaricdə olan düşmənləri 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişlərinə cəhd göstərdilər və bütün bunlar uğursuzluqla nəticələndi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olundu. Həmin ilin yanvarında yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Xəzər faktorunda «Əsrin müqaviləsi»ni həyata keçirmək üçün fəaliyyətə başladı.

1997-ci il noyabrın 12-də «Əsrin müqaviləsi» neftin hasilatına bağlanıldı. 1999-cu il noyabrın 18-də İstanbulda «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Bu zaman Azərbaycan Respublikası Türkiyə Cümhuriyyəti, Gürcüstan Respublikası, Qazaxıstan Respublikası və ABŞ-ın dövlət başçıları tərəfindən verilən «İstanbul bəyannaməsi» layihənin yüksək səviyyədə dəstəklədiyinə sübut oldu. 2001-ci il avqustun 30-da «Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci fazasına başlanıldı. 2002-ci il avqustun 1-də Bakı-Tbilisi-Ceyhan əsas boru kəmərinin tikilməsi və idarə edilməsi üçün BTSKO şirkəti təsis edildi və həmin avqustun 18-də bu kəmərin təməlqoyma mərasimi keçirildi.

1999-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Azərbaycan Dövlət Neft Fondu» yaradıldı və 2001-ci ildə ölkə başçısının sərəncamı ilə fondun Müşahidə Şurası təşkil edildi. Bütün bu hüquqi iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək iqtisadiyyatın qurulması məqsədi ilə həyata keçirildi və çox yüksək nəticələr əldə olundu.

Ümumiyyətlə, Azərbaycan Respublikası iqtisadiyyatına 1993-cü ildə 15 milyon 1995-ci ildə 375 milyon, 1996-2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) dollar xarici investisiya qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsinə və inkişafına AB «Traseka» proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat kommunikasiyasının – «Yeni İpək Yolu»nun düşməsi də əhəmiyyətli təsir göstərdi və bu proses ildən-ilə də genişlənən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda «Böyük İpək Yolu» Beynəlxalq konfransı keçirildi və dünyanın 32 ölkəsinin iştirak etdiyi bu konfransda «Bakı bəyannaməsi» qəbul edildi. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas oldu. Bütün bunların başlıca istiqamətləri dövlət müstəqilliyinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. Bu istiqamətlərin inkişafı məqsədilə Prezident Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ümumi iqtisadi inkişafa hüquqi zəmin yaratmış oldu. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyasda sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Əlbəttə bütün bu yuxarıda qeyd olunanlar «Azərbaycanın müasir tarixi» şöbəsi tərəfindən araşdırılan tədqiqat obyektidir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı üçün ən mühüm və taleyüklü problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, bu problemin tənzimlənməsi üçün Minsk qrupunun yaradılması və onun fəaliyyəti, vasitəçilərin (RF, ABŞ, Fransa) iştirakı ilə aparılan danışıqlar, Azərbaycan Respublikasına qarşı yeridilən təcavüzkar siyasət müqabilində ikili standartların tətbiqi və digər xarici siyasət məsələləri «Azərbaycanın müasir tarixi» şöbəsinin əsas tədqiqat» problemlərindəndir.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı oldu. 2004-2011-ci illər ərzində ölkədə həyata keçirilən çox uğurlu daxili və xarici siyasət, 2004-cü il fevralın 11-də qəbul edilən «Azərbaycan Respublikası rəssamlarının sürətlə inkişafı» dövlət proqramının qəbul edilməsi, həmin ilin aprelindən fəaliyyətə başlayan Heydər Əliyev Fondu və onun milli mədəniyyətin, incəsənətin, səhiyyənin, təhsilin və elmin inkişafına verdiyi töhvə artıq bir tarixi tədqiqat problem kimi araşdırılır. Bütünlükdə isə 1920-2011-ci illər ərzində Şimali və Cənubi Azərbaycan tarixində baş vermiş siyasi, sosial iqtisadi, hərbi, milli mədəniyyət tariximizin aktual problemləri «Azərbaycanın müasir tarixi» şöbəsinin tədqiqat obyektidir və bu müqəddəs iş şöbə əməkdaşları tərəfindən həyata keçirilərək xalqımıza çatdırılır.