İRƏVAN QUBERNİYASINDA TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

 

İRƏVAN QUBERNİYASINDA TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

Mifik «Böyük Ermənistan» yaratmaq iştahına düşən erməni millətçiləri niyyətlərinin tarixi və hüquqi əsası olmadığından buna yalnız fiziki müdaxilə ilə nail olmağa çalışmışdılar. Beləliklə, ermənilər Cənubi Qafqazda gələcək dövlətləri üçün ərazilərin təmizlənməsinə başladılar. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasında türk-müsəlman əhalinin sayı 423.123 nəfər idi. 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən 300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və zorakılıqlara məruz qalmışdı (ARDA, fond 970).

1918-ci ilin mayında müstəqilliyi elan olunmuş Ararat Respublikasının nə ərazisi, nə də paytaxtı vardı. 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ararat Respublikasına güzəştə getdi. Ümumi ərazisi 9 min kv. km olan İrəvan və ətrafındakı ərazilər ermənilərə bu şərtlərlə verilmişdi: “Şaumyanın başçılıq etdiyi daşnak qrupları türk-müsəlman əhaliyə qarşı soyqırımı dayandırır; Azərbaycan ərazisində bütün soyqırımlarına son qoyurlar; bir daha Azərbaycana ərazi iddiası irəli sürməyəcəkləri barədə öhdəlik götürürlər; oradakı türk-müsəlman əhali ilə ermənilər eyni hüquqlara malik olur, hətta orada bizim şeyxülislam təyin edilir”. Ancaq bu razılaşma əldə olunandan dərhal sonra, ermənilər türk-müsəlman əhaliyə qarşı yenidən ərazi iddiaları və soyqırımları başladı. İrəvan quberniyasının ərazisində yaşayan türk- müsəlman əhaliyə qarşı soyqırım siyasətini dövlət səviyyəsində həyata keçirdlər. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının 1918-ci il iyunun 13-də keçirildiyi iclası da ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlərə həsr olunmuşdu. Şura üzvü İbrahim ağa Vəkilovun oradakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əlaqədar olaraq təsirli nitqindən sonra məlum olur ki, İrəvan quberniyası ərazisində dolaşan ac-yalavac müsəlman qaçqınların sayı 150 min nəfərə çatmışdır. Qaçqınlar arasında epidemiya xəstəlikləri geniş yayılmış, hər gün acından ölənlər qeydə alınırdı. Ona görə də təcili olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat malları ilə köməklik göstərilməsi təklif olunur. Natiq öz sözlərini zərər çəkmişlərin sayı və dağıdılmış 206 kəndin adlarını sadalamaqla bitirmişdi. Beləliklə yeni yaradılmış erməni dövləti – Ermənistan Respublikası, götürdüyü öhdəliyin əksinə olaraq, nəinki Azərbaycan Xalq Cümhuriyyətinə olan iddialarından əl çəkmədi, əksinə Batum müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: “əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar İrəvanın onlara güzəştə gedilməsindən imtina et”. 1919-cu il yanvar ayının 7-də Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada belə qeyd edilirdi: “İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır”. 1919-ci il yanvarın 8-da Azərbaycan Parlamentinin iclasında İrəvan quberniyasının müsəlman əhalisinin ərz-halları dinlənilmişdi. Sənəddə deyilirdi: “1917-ci ilin dekabr ayından 1918-ci ilin iyuna ayına qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki yüzdən çox müsəlman kəndləri atəşə tutulub tarmar olub, bunların əhalisi isə qismən qətl, qismən də dağlara qaçıb buralarda soyuqdan və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının əsasən müsəlmanlardan ibarət olan Sürməli, İrəvan, Üçmüədzin, Şərur və Naxçıvan qəzalarının bəzi hissələrinın Osmanlı ordusu tərəfindən işğal olunduqdan sonra burada yaşayan ermənilər yeni təşkil olunmuş Erməni Cumhuriyyətinin dairəsinə köç etmişlər. Digər tərəfdən osmanlılar işğal etdikləri mahallarda 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər. Bunları köçməyə 80-ə qədər müsəlman kəndlərini atəşə tutub talan edən ermənilər məcbur etmişlər. Hal- hazırda erməni qoşunları Sürməli qəzasını təmamən, İrəvan, Şərur və Üçmüədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşlərlə bərabər yerli müsəlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana köç etmək məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş mahallara Osmanlı dövlətindən Ermənistanına köç etmiş ermənilər yerləşdirilir. İrəvan quberniyasının bəzi mahallarının təmamən müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən və başqa şərait üzrə Azərbaycanın ayrılmaz hissəsi olunmasını nəzərə alıb və məcburən bu mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar məsələsini qəti surətdə həllini sülh konfransına buraxaraq İrəvan müsəlmanları nümayəndələri İrəvan müsəlmanlarının mövcudluğunun mühafizəsi üçün lazım gələn tədbir etmənizi rica ediriz”. 1919-cı il yanvar ayının 14-də İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından M.H. Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır, məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər. M.X. Təkinskinin yardımı ilə İrəvan müsəlman Milli Şurası təcili şəkildə İrəvan quberniyasında yaşayan türk- müsəlman əhalinin dözülməz vəziyyəti haqqında Avropa və Amerikanın böyük dövlətləri üçün məlumat hazırlayıb, Azərbaycan Xarici işlər nazirliyinə göndərdi. Məlumatda deyilirdi: “Silahlı və qarətçi erməni dəstələri şəhərlərdə, qəzalarda və kəndlərdə, hətta Ermənistan dövlətinin paytaxtı İrəvanda da ac qurdlar kimi müsəlmanlara hücum çəkirlər, hər gün gecə vaxtı üç-dörd müsəlman kəndi basqınlara, qarətlərə və qətllərə məruz qalır. Bu nəhayətsiz zorakılıq şəraitində yaşaya bilməyən müsəlmanlar hər gün öz əmlakını atıb, abad yurd-yuvalarını tərk edirlər; hara baxırsan, minlərlə yetim və dul qadın, müflisləşmiş və köməksiz kişiləri görürsən. Minlərlə müsəlman kəndlisini hökumət öz doğma kəndlərinə buraxmır, hüquqsuz və ev-eşiksiz, ac-yalavac və çıl-çılpaq insanlar miskin həyat sürür, xəstəliklərə tutulur, köməksiz və himayəsiz küçələrdə ölür, məhv olurlar. Əgər belə vəziyyət yenə davam edərsə, Ermənistanda yaşayan müsəlmanlar labüd məhvə məhkumdurlar”. Yeni Bəyazid qəzasının Göyçə rayonunun 5-ci sahəsinin səlahiyyətli nümayəndəsi İsmayıl Sultanovun 1919-ci ildə Gəncə qəza rəisinin adına daxil olmuş məlumatında deyilirdi: "Ararat Respublikası qoşunlarının Yeni Bəyazid qəzasının Göyçə rayonunun dinc müsəlman kəndləri üzərinə hücumları başlamışdır. Hal-hazırda 60 min əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış və boşaldılmışdır. Ermənilərin və erməni hökumətinin keçmiş qonşularına və müsəlman təbəələrinə qarşı törətdikləri qeyri-insani qanlı əməlləri görəndə insanı dəhşət bürüyür. Ermənilər xahişlərə, yalvarışlara və müsəlman əhalisinin ah-vaylarına məhəl qoymurlar. Erməni döyüşçüləri əllərinə düşmüş müsəlmanları sağ buraxmırlar, əksinə, görünməmiş işgəncələr verir, qadınları, uşaqları, qocaları və gəncləri öldürürlər. Yalnız az sayda qadın və yeniyetmə qızlar müstəsnalıq təşkil edir...Sağ qalan qaçqınlar qoşun tərəfindən təqib olunur... dərələrdə və qarlı zirvələrdə gizlənir... qar içində batır və kütləvi surətdə qırılırlar. Ararat Respublikası vəzifəsini başa vurmuşdur. Göyçə rayonunda daha müsəlmanlar qalmayıb. Bu günə kimi Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi məhv edilmişdir". AXC Daxili işlər nazirliyinin fondunda saxlanılan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin son iki ayı ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndinin məhv edildiyi göstərilir. İrəvan qəzası haqqında sənəddə bircə sətir yazılıb: "Zəngibasar kəndlərindən başqa qalan bütün yaşayış məntəqələri məhv edilmişdir".

Vəziyyət o dərəcədə böhranlı idi ki, İrəvan quberniyası ərazisində dinc müsəlman əhalisinin məhv edilməsi və erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar hətta İranın Qacar hökuməti adından Britaniya komandanlığına şahzadə Əlaüssəltənə etiraz təqdim edilmişdi. Sənəddə qeyd edilir ki, “əhalinin əksər hissəsinin müsəlmanların təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü mümkün məhvedici nəticələri üzündən böyük əndişə doğurur”. Lord Kerzona məlumatında P.Koks qeyd edirdi: “Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm”. İranın Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: “Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. Xarici İşlər Nazirliyi həmçinin belə bir məlumat almışdır ki, ermənilər bu bölgələrdə milliyyətindən asılı olmayaraq bütün müsəlmanlara qarşı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmamışlar. Müsəlman ailələri məhv edilir, heç bir günahı olmadan kişilər və uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əhalisi məhv edilmişdir.... Millətlərin və dünyanın azadlığına dair Böyük Dövlətlərin niyyətlərindən xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu informasiyanı diqqətinizə çatdırır və xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin bu cinayətkar əməllərinin qarşısını almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin həyatını müdafiə etmək tapşırılsın. Onlar həm Böyük Dövlətlərin təmsilçiləri kimi, həm də erməni barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin qarşısının alınması və müqəssirlərin cəzalandırılması üçün tədbirlər almalıdırlar”.

Beləliklə, daşnak hökümətinin təxminən 30 aylıq hakimiyyəti dövründə (28 may 1918 - 29 noyabr 1920-ci illər) İrəvan quberniyasının yerli müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasəti nəticəsində quberniyanın Ermənistanın nəzarətində olan sərhədlərində cəmi 10 min nəfər müsəlman qalmışdı. Erməni müəllifi A.Lalayanın qeyd etdiyi kimi Ermənistanda müsəlmanların sayı 77 % azalmışdı.

Ədəbiyyat:

Niftəliyev İ. 1918-1920- ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və  Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s, s. 125-136
Нифталиев И. Геноцид азербайджанцев в Иреванской губернии (1918-1920). Баку: ‎‎2014, Турхан, 188 с.‎