QARABAĞ BÖLGƏSİNDƏ TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

 

QARABAĞ BÖLGƏSİNDƏ TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda, özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) Respublikasının təcavüzündən ibarət idi. Ermənistan Respublikası adlanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırım siyasətini həyata keçirirdi. Bu siyasətin əsas hədəflərindən biri əzəli Azərbaycan torpağı olan Qarabağın türk-müsəlman əhalisi idi. 1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənistan Respublikasının hərbi-siyasi dəstəyinə arxalanaraq öz müstəqilliyini elan etdi. Erməni quldur dəstələrinin başçısı Andranik Azərbaycanın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı. 1918- ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qarabəy Əliverdiyev Şuşadan xəbər verirdi: “Mən Qarabağın nümayəndəsi olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zəngəzuru atəşə məruz qoyduqdan sonra təhlükəli vəziyyət Qarabağda, Ordubadda, Cavanşirdə də yaranmışdır. Andranik saysız-hesabsız müsəlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə doğma yerlərindən qovmuşdur. O, Qarabağın mərkəzi olan Şuşaya hücum edərək onun sakinlərini qarət etmiş və onların əmlakını öz əsgərlərinə paylamışdır”. 1918-ci ilin noyabrında İstanbulda Osmanlı dövləti ilə danışıqlar aparan Əli Mərdan bəy Topçubaşov Azərbaycan rəhbərliyinin mövqeyini belə ifadə edirdi: “Ermənilər tərəfindən qaldırılan Qarabağ məsələsi beş-on kəndin məsələsi deyil. Bu dörd qəzanın – Şuşanın, Cavanşirin, Cəbrayılın və Zəngəzurun mənsubiyyəti ətrafında baş verən mübahisədir. Bu isə sanki bir xanlığın ərazisidir. Bu ərazidə yaşayanlar içində ermənilər heç də çoxluq təşkil etmirlər. Üstəlik, onlar bu bölgənin yerli sakinləri deyillər. Ermənilər Azərbaycana Türkiyə və İrandan Rusiya ilə müharibələrdən sonra köçürülmüşlər. Buna baxmayaraq, biz problemin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq”. Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin İstanbuldakı Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə 23 avqust 1918-ci il tarixli Bakının Azərbaycan istiqlalının düşməni olan “Sentrokaspi Diktaturası”nın hakimiyyətindən tezliklə azad edilməsi məsələsi ilə bağlı təcili bildirişində qeyd olunurdu ki, Qarabağ tərəfindən Andranikin başçılıq etdiyi erməni qoşunları hərəkət etməkdədir, onlar Zəngəzur qəzasının bir hissəsini tutaraq Şuşa qəzasını bizdən ayırmış, biz isə Bakı məsələsi həll olunmayana qədər heç bir tədbir görə bilmirik. Andranikin quldur dəstələrinin cinayətlərindən şahidlərin dilindən danışan «Аzərbaycan» qəzeti 10 dekabr 1918-ci il tarixli nömrəsində qeyd edirdi ki, Qarabağda ermənilər müsəlman kəndlərini darmadağın edir. Lehvazçay, Əldərə, Nüvədi, Oxçu, Şəbədin, Meydan, Qaragöl, Qıraq Çimən, Şahidli, Burunlu, Əsgərlər, Tey, Vardanəzir və başqaları bütünlüklə yerlə yeksan olunmuşdur. Bu yerlərin əhalisi hücumlardan xilas olmaq üçün qismən Ordubada və İrana qaçmışdır. Hal-hazırda bütün məscidlər və küçələr dul qadınlarla və yetim uşaqlarla doludur. Hər gün onlarla bədbəxt insan aclıqdan və soyuqdan həlak olurlar. İrəvandan Şuşaya qədər bir milyonluq müsəlman əhalisi qarət olunur və həlak olur.

1918-ci ilin yazından başlayaraq erməni silahlı dəstələrinin hücumlarına Gəncə quberniyasının Ərəş qəzasının əhalisi də məruz qalmaqda idi. Bu qəza Bakı quberniyasında türk-müsəlman əhalinin soyqırımını həyata keçirən Bakı Sovetinin hədəflərindən biri idi. Belə ki, AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarına əsasən, ermənilərin iri silahlı dəstəsi sübh vaxtı qəflətən Ərəş qəzasının müsəlmanlar yaşayan Kürd kəndini mühasirəyə alaraq ona hücum etmişdi. Sənəddə göstərilir ki, kəndə soxulan ermənilər kəndliləri onların evlərində öldürməyə başladılar, çünki hələ yuxudan oyanmayan kəndlilərin əksəriyyəti evlərindən qaça bilməmişdilər. Hücum nəticəsində 68 nəfər, o cümlədən çoxlu qadın və uşaq həlak oldu; ermənilər vəhşicəsinə insanları süngülərlə və xəncərlərlə öldürür, insanların üz dərilərini soyur, uşaqları göyə ataraq parça-parça doğrayır və s. Kürd kəndində baş verən bu vəhşiliklər onun əhalisinə köməyə gələn ətrafdakı müsəlman kəndlərinin sakinlərinin buraya çatmasına qədər davam olundu.

Erməni təcavüzkarlarının hədəflərindən biri Gəncə quberniyasının Cəbrayıl qəzası idi. Fövqəladə Təhqiqat Komissiyasının materiallarına əsasən, 1918-ci ilin avqustunda ermənilərin iri silahlı dəstəsi Sərik kəndinə hücum etmişdi. Kəndə daxil olan ermənilər 11 kişini, 10 qadını, 14 uşağı öldürmüş, 10 evi yandırmış, mal-qaranı aparmış və siriklilərin bütün əmlakını qarət etmişdilər. 1918-ci il avqustun sonunda ermənilərin silahlı dəstəsi Cəbrayıl qəzasının Məzrə kəndinə hücum edərək yerli sakinlərdən 6 kişini qətlə yetirdi. Müdafiə olunmağa imkanı olmayan müsəlmanlar doğma kəndlərini tərk etməyə məcbur oldu. Ermənilər məzrəlilərin evlərini yandırıb dağıtmış, kəndlilərin bütün əmlakını qarət etmişdilər. 1918-ci ilin payızında silahlı erməni dəstəsi Doşullu kəndinə hücum etdi. Quldur dəstəsi Andranikin adından Doşullu əhalisini qətlə yetirəcəkləri və kəndi dağıdacaqları ilə hədələyərək onu doğma yerindən çıxmağa məcbur etmişdi. Eyni aqibəti 1918-ci ilin dekabrında erməni silahlı dəstənin hücumuna məruz qalan Düdükçü kəndinin əhalisi də yaşadı. Nəticədə sakinlər evlərini tərk etmiş, kəndin özü isə yandırılmışdı. 1918-ci ilin sonu - 1919-cu ilin əvvəlində silahlı ermənilər Cəbrayıl qəzasının Aşıq Məlikli kəndinə hücum edərək yerli sakinlərin bir hissəsini öldürmüş və ya yaralamışdı. Bu kənd də ermənilər tərəfindən dağıdılmış və qarət edilmişdir. Yerli əhali Aşıq Məliklini tərk etmişdi. Ermənilər tərəfindən hücumlara həmçinin Tatar və Heybətli kəndləri də məruz qalmışdı ki, onların da əhalisi doğma evlərini tərk etməyə məcbur olmuşdu. Azərbaycan dövləti dərhal Qarabağ əhalisini müdafiə etmək üçün lazımi tədbirləri görməyə başladı. Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü Azərbaycan parlamentinin 1918-ci il 20 dekabr tarixli iclasında geniş müzakirə olundu və tədbirlər həyata keçirilməyə başlandı. 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaradıldı. Qarabağın general-qubernatoru vəzifəsinə Cümhuriyyətin ən parlaq xadimlərindən biri olan Xosrov bəy Sultanov təyin olundu. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan hökumətini guya Ermənistanın ərazi hüquqlarına qəsd etməsində ittiham etdi. Lakin Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanovun cavab notasında Azərbaycanın Qarabağ və Zəngəzur üzərində tarixi və etnik hüquqları olduğu barədə sərt bir bəyanat səsləndirildi. Artıq 1919-cu ilin aprelində Azərbaycan Ordusu Andranikin hərbi dəstələrini ölkə ərazisindən sıxışdırdı. 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistan arasında saziş bağlandı. Tərəflər hərbi toqquşmaları dayandırmaq və bütün mübahisəli problemləri sülh yolu ilə həll etmək barədə öhdəlik götürdülər. Bu sazişin şərtləri dekabrın 14-də keçirilən Azərbaycan- Ermənistan sülh konfransında da öz təsdiqini tapdı. Lakin bu hadisədən dərhal sonra 10-minlik erməni qoşunu yenidən Azərbaycana hücum etdi. Zəngəzurdan Qarabağa keçən erməni qoşunu Azərbaycan kəndlərinə divan tutdular. Azərbaycan hökumətinin bəyanatına görə, ən azı 40 müsəlman kəndi məhv edildi. 16 yanvar 1920-ci ildə AXC Dövlət Müdafiə Komitəsinin iclasında Ermənistan Respublikası tərəfindən təhlükənin ləğv edilməsi məqsədilə bir sıra tədbirlər hazırlandı. Ölkənin qərb bölgələrinə əlavə hərbi qüvvələr göndərildi. Yerli sakinlərdən partizan dəstələrini təşkil etmək üçün dövlət 5 milyon rubl ayırdı. Lakin 1920-ci ilin martında erməni hərbi birləşmələrinin Qarabağa növbəti hücumu baş verdi. Bu hücum Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökumətinə qarşı qiyamı ilə üst-üstə düşdü. Ermənistan Respublikasının Azərbaycana qarşı növbəti təccavüzü və Qarabağın erməni icmasının qiyamı Azərbaycanı işğal etməyə hazırlaşan Sovet Rusiyasının rəhbərliyi sıx şəkildə əlaqələndirilirdi. Erməni təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan hökuməti general-mayor Həbib bəy Səlimovun başçılıq etdiyi 20 minlik qoşunu Qarabağa göndərdi. Qanlı döyüşlərdən sonra Azərbaycan Ordusu Əsgəran və Xocalını ermənilərdən azad etdi. Artıq 1920-ci ilin aprel ayında bütün Qarabağ erməni silahlı dəstələrindən azad olunmuşdu.

1920-ci il aprelin 27-də, Cümhuriyyətin süqutuna bir gün qalmış, general Səlimov Hərbi Nazirlikdən Zəngəzurda da Azərbaycan suverenliyinin tam bərpa edilməsi üçün oraya yürüş etməyə hazır olduğunu və bunun üçün əmr gözlədiyini bildirdi. Lakin Cümhuriyyət rəhbərliyi o zaman Sovet Rusiyasının Azərbaycana qarşı hərbi yürüşünə necə müqavimət göstərməyi düşünürdü. Ermənilərin hücumlarını dəf etmək üçün Azərbaycan Ordusunun ən hazırlıqlı hissələri Qarabağa göndərildiyi üçün Cümhuriyyət XI Qızıl Ordunun Bakıya yürüşünün qarşısını ala bilmədi. Bununla belə Cümhuriyyət hökumətinin hərbi-siyasi tədbirləri nəticəsində Azərbaycanın Qarabağ üzərində suveren hüquqları tam şəkildə bərqərar olundu.

Ədəbiyyat:

Məmmədzadə N. 1918-1920- ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və  Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s, s. 105-114
Мамедзаде Н. Геноцид азербайджанцев в Карабахском регионе Азербайджана (1918-1920). Баку: Турхан ИПО, 2014.