LƏNKƏRAN QƏZASINDA ERMƏNİLƏRİN VƏ DENİKİNÇİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

 

LƏNKƏRAN QƏZASINDA ERMƏNİLƏRİN VƏ DENİKİNÇİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

Azərbaycanın Lənkəran qəzası da soyqırım aktından kənarda qalmamış və bu ərazidə də 1918-1919- cu illərdə kütləvi qətl və qarətlər həyata keçirilmişdir. Həmin dövrdə Lənkəran mühüm strateji və yeyinti məhsulları istehsal edən bölgə idi. Bakının arxası və ingilislərin ağalıq etdikləri Qacar İranı ilə həmsərhəd idi. Lənkəran vasitəsilə Orta Asiya və Həştərxanla əlaqə saxlamaq, Sovet Rusiyasından məsləhət və kömək almaq mümkün idi. Bu baxımdan Lənkəranın əldə saxlanması istər bolşeviklər, istərsə də onların hamilik etdiyi erməni daşnakları üçün vacib idi. Bu məqsədlə Stepan Şaumyan milli qüvvələrin - Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə, bölgəni tam şəkildə ələ keçirməyi planlaşdırırdı. Lənkəran qəzasında erməni daşnakların vəhşiliyi 1917-ci ilin iyun ayının 19-da ilk dəfə olaraq özünü biruzə vermişdi. Həmin vaxtdan başlayaraq 1918-ci ilin may ayına qədərki bir müddət ərzində denikinçi komandan Şevkunovun quldur dəstəsinə rəhbərlik edən daşnak Akopyan və ermənipərəst eser Sinayev Lənkəranda Mir Əhməd xanının birmərtəbəli evini özlərinə qərargah etmişdilər. Onlar törətdikləri vəhşiliklərə belə haqq qazandırırlar ki, guya Lənkəran qəzasını qaçaq-quldurlardan qoruyurlar. Bu məqsədlə onlar dəfələrlə şəhər və kəndləri dənizdən top atəşinə tutmuşlar. O dövrü yerli camaat qaçhaqaç dövrü kimi yadda saxlayıb. Sakinlər əliyalın olduğundan, atışma başlayan kimi meşələrə üz tutub. Bunun qarşısını almaq üçün hərbçilərlə danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı hərbçilərlə belə bir şərt kəsiblər ki, dinc əhaliyə toxunmayacağı tədqirdə, əvəzində onlara lazım olan ərzağı veriləcəklər. Lakin bu təkliflərinə baxmayaraq quldur dəstəsi iyun ayının 19-da həmin günahsız Sütəmurdov ağsaqqallarını qolları bağlı çayın dəhnəsinə apararaq, qılıncla başlarını kəsir, bədənlərini tikə - tikə etdirirlər. Onların hamısını dəhnədə basdırırlar. Bir neçə gündən sonra bir dəstə itin meyidlər ətrafında ulaşmasını eşidən camaat gəlib yoxlayır, bu qanlı faciəni görür. Sütəmurdovlular onların meyitlərini çıxarıb yeşiklərə dolduraraq gətirib kəndin məscidi qabağında dəfn edirlər. Həmin ağsaqqalların adlarını Sütəmurdov mollası, 88 yaşlı Mir Cavadın quranı içərisindəki qeydlərə istinadən İshaq Axundov öz əsərində qeyd etmişdir: 1. Alim Fazil axund – molla Həmid usta Məmmədəli oğlu, 2. Hacı baba Kərbəlayı Məhəmmədqulu oğlu, 3. Əli Nağı Məşədi Əbdül Hüseyn oğlu, 4. Xəlil Məşədiəliqulu oğlu, 5. İbrahimpaşa Məşədi Mikayıl bəy oğlu Kələntərov, 6. Kərbəlayi Əkbər Məhəmməd oğlu, 7. Kərbəlayi Hüseyn Əhməd oğlu, 8.Kərbəlayi Məlik Məşədi Bağır oğlu, 9. Mirsadığ Kərbəlayi Mir Tahir oğlu, 10. Xəlil Məhəmməd Hüseyn oğlu, 11. Abdulla Məhəmməd oğlu, 12. Səfər Baba oğlu, 13. Məhəmməd Rza Məşədi Əhməd oğlu. Denikinçilərin ermənilərin quldur dəstələri ilə birlikdə gördüyü işlər bununla yekunlaşmadı və 1918-ci ilə qədər geniş xarakter almağa başladı. Bu barədə Lənkəran əhalisinin yaşlı nəslinin qanlı xatirələri Hacı Mirhaşım Talışlının müəllifi olduğu “1918-ci il Lənkəran faciəsi” adlı məqalədə geniş şəkildə öz əksini tapmışdır. Hadisə şahidlərindən Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev xatirələrini belə bölüşürdü: “1918-ci ilin mart ayı idi. “Kolaz”da Sütəmurdova gedirdim. Körpü hələ çəkilməmişdi. Su qırmızıya çalırdı. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı”. O illərin bir digər şahidi “Lenin” ordenli müəllim Əbülqasım Qasımov belə bir əhvalat danışırdı: “Heyva gül açan vaxtları (aprel-may ayları) idi. Şevkunovun quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi. Hərbi paraxoddan şəhər top atəşinə tutulmuşdu. Lənkərana ticarət işinə gedən Məşədi Qasım, Məşədi Şirəli, Kərbəlayı Nurulla və Hacı axund dava-qırğını görüb geri qayıtmışdılar. Bu vaxt mərmi məscidin bir tərəfini aparır. Abuzər Ağababa oğlu uşağı ilə həlak olmuşdular. Kərbəlayı Səfərəli Cabbar oğlunu buğda və düyü tayaları üstündə vurmuşdular. O, qışqırıb deyirmiş ki, məni öldürməyin, nə istəyirsinizsə, verim. Kərbəlayı Səfərəlinin yalvarışlarına əhəmiyyət verməyib evini də yandırmışdılar. Köməyinə gələn Kərbəlayı Güləliyə də aman verilməmiş, amansızcasına qətlə yetirmişdilər. Dərzi Musanın evinin ətrafında 8 nəfəri güllə ilə vurmuşdular. Uşaqlara, qadınlara belə rəhm edilməmişdi. Qaynar samavarı adamların belinə bağlayır, yeriməyə məcbur edirdilər. İki gün ərzində Gərmətükdə 7 nəfər öldürülmüşdü”. Xəzər donanmasındakı rus matrosları da qırğına cəlb olundular. Onların sərəncamında olan “Aleksandr Jander” gəmisindən Qızılağacdan Astaraya qədər sahilə yaxın yaşayış məntəqələri top atəşinə tutuldu. Mirhaşım Talışlı həmin anları belə xatırlayır: “Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərirlər ki, qırğını dayandırsınlar. Rus dilini yaxşı bilən Hacı Ağabala ağ parçadan bayraq qaldırıb, dənizin sahilinə gəlir. Onlar rusların mәqsәdlәrinin nә olmasını öyrәnmәk istәyirdilәr. Onlar öyrәnmәk istәyirdilәr ki, niyә bu camaatı qırırlar? Onların, yәni rus-ermәni birlәşmәlәrinin rәhbәri Şevkunov deyib ki, sizin hamınız bizim düşmәnimizsiniz. Biz istәyirik ki, bu yerlәrdәn köçәsiniz”. Lənkəran qəzasında soyqırımların daha sistemli və ardıcıl olaraq aparılması üçün bəhanə 1918-ci ilin martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan ”Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi oldu. Bununla kifayətlənməyərək Şaumyanın sərəncamı və erməni milli şurasının göstərişi ilə Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün erməni fəhlələrindən təşkil olunan 280 nəfərlik silahlı dəstənin mövcud olduğu bolşevik-erməni ordusunu quru yol ilə Muğana, bir qismini də dəniz yolu ilə Lənkərana göndərildi. 1918-ci ilin aprelin 12-dən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstə yolboyu azğınlıq etməklə müsəlman kəndlərini talayaraq dağıdaraq yandırmış və Lənkəran əhalisinə divan tutmuşdur. Lənkəran qəzasında 40-dan çox kənd yandırılmış, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Erməni daşnakları evlərə girib bəzən bütün ailəni məhv edirdilər. Hamilə qadınlara, qocalara belə rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan soyqırımın qurbanı oldu. Bu qanlı hadisələrlə bağlı Mirhaşım Talışlı qeyd edir ki, ermәni-rus әsgәrlәri Lәnkәran qәzasında әn hörmәtli vә el arasında sayılıb seçilәn ağsaqqalları ya öldürür, ya da әlә keçirib, işgәncәlәr verirdilәr. Lәnkәranda tanınan Mәşәdi Qasımın, Mәşәdi Şirәlinin, Kәrbәlayı Nurullanın, Hacı Axundun, Verevullu Mirmәhәmmәd xan Mirfәrәculla bәy oğlu Talışxanov vә yüzlәrlә başqalarının taleyi belә, acınacaqlı olmuşdu. Şıxәkәran kәndinә hücum edәn rus vә ermәni әsgәrlәri kәndi talan edәrәk, camaatın mal-qarasını vә qiymәtli ev әşyalarını әlә keçiriblәr. Atışmada öldürülmüş ermәninin heyfini çıxan әsgәrlәr bir neçә kәnd sakinini diri-diri yandırıblar. Bәzilәrinin qulaq vә burunlarını kәsir vә gözlәrini çıxarıblar. Kәnd camaatı Mamusta ilә Xolmili arasındakı meşәyә çәkilib, bir neçә gün burada gizlәniblәr. Mamusta kәndindә cavanları evlәrә yığıb, od vurub yandırıblar. Hәtta bir neçә mamustalı qılıncla doğranılaraq öldürülüb. Ermәnilәr Mamusta kәndinә od vurub yandırıblar. Qadınlar vә uşaqlar isә Qoçasәlә meşәsinә sığınıblar. Lәnkәran şәhәri vә әtraf kәndlәrin әhalisi Osaküçә meşәlәrinә çәkilәrәk özlәrini qorumaq üçün sığınacaq tapmışdılar. Ara sakitlәşәndәn sonra ev-eşiklәrinә qayıtmış şәhәr camaatı ermәni vәhşiliyinin bir daha şahidi olmuşlar. Evlәr top mәrmisi ilә dağıdılmış, dükanlar qarәt vә talan edilmişdi. Öldürülmüş vә dәnizә atılmış insan cәsәdlәri üzәrindә ermәni vәhşiliyinin vә qәddarlığının bütün әlamәtlәrini görmәk mümkün idi. Arxiv mənbələrinin birində qeyd edilir ki, “Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin pulunu vermir, özlərini Osmanlı türklərindən qorumaq üçün onları səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdı və minlərlə günahsız insanın həyatına son qoydular”. 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu. Lənkəran qəzasında noyabrın 1-də müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymur bəy Bayraməlibəyov Bakıda olan türk ordusunun baş komandanı Nuru Paşanın qəbulunda olub. O, Avetisovun (Türk ordusunun hücumu qarşısında duruş gətirə bilməyərək ordunu başsız qoyub qaçan, türklərin qatı düşməni, Bakı cəbhəsinin keçmiş komandanı Avetisov sonralar Prişibdə öldürülmüşdü) quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan хahiş etdilər. Görüşdə Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adıçəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır. Sonda Nuru Paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çoх da gözləməyəcəklər.

Lənkəranda soyqırımların qarşısının alınması üçün 1918-ci il noyabrın 14-də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə ilə birlikdə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşdülər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim etməklə, onlar konsula ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söylədilər. Nümayəndələr ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa diqqət yetirməyi xahiş etdilər. Lakin bütün bunlara baxmayaraq qəzada ermənilərin dinc əhaliyə qarşı qırğınları hələ də davam edirdi. Lənkəranda ermənilərin və denikinçi qüvvələrin törətdikləri qarətlərin, qırğınların qarşısını almaq məqsədilə 1918-i il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla görüşərək ermənilərin, “denikinçilərin qəzanı bərbad hala saldıqlarını, xüsusən azərbaycanlılara divan tutmaları haqqında ona məlumat verərək, qəzanın bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etdilər. T.Bayraməlibəyov “Azərbaycan” qəzetinin 18 noyabr 1918-ci il tarixli 39- cu sayında yazırdı: “Dəhşətlər, biabırçılıqlar törədən və cəzasız qalan Avetisovun hər gün qan tökən quldur dəstəsi buradan getməsə, yerli əhali, xüsusilə müsəlmanlar bundan sonra öz halal dədə-baba torpaqlarında rahat yaşaya bilməzlər”. “Azərbaycan” qəzetinin “Lənkəran” sərlövhələri altında gedən məqalədə Teymur bəy Bayraməlibəyov dinc əhaliyə işgəncə verən və soyğunçuluqla məşğul olan ermənilərin simasızlığından danışaraq belə qeyd edirdi: “Yanvar ayının 22-də Hüseynəli Rzaəli oğlu bazarda Şəhab molla İsgəndər oğlunun dükanında əyləşərkən erməni əsgərləri dükanı əhatəyə alıb güllə atmağa başlamışlar. Bazarda güllə səsi eşidən ürəyi vahiməli, müsəlman camaatı dükanlarını açıq qoyub qaçmağa üz qoydular. Fürsətdən istifadə edən silahlı erməni əsgərləri isə dükanları soyub aparmışlar. Erməni əsgərlərinin bu cür facianə işləri və gecələr müsəlman məhəllələrində oğurluq etmələri hələ də davam etməkdədir”.

“Azərbaycan” qəzetinin 14 mart 1919-cu il tarixli nömrəsində bu dövrdəki Lənkəran qəzasının ümumi vəziyyəti şərh edilərək qeyd olunur ki, “Mart hadisələrindən sonra (1918-ci il mart soyqırımı nəzərdə tutulur – red.) Lənkərana bolşeviklərlə bərabər erməni daşnakları da gəldilər. Bundan sonra erməni Avetisovun başçılığı ilə daşnak hərbi hissələri müsəlman kəndlərinin axırına çıxdılar. Olmazın zülmlər, əziyyətlər verdilər. Yollar kəsildi. Əhali şikayət etməyə bir yer tapmadı. Türklər Bakıya gəldikləri zaman Muğan ətrafının bolşevikləri ilə əlaqələri kəsildi. Buradakı sərsərilər “Muğan hökuməti” adı ilə dağıdıcı bir qurum düzəltməklə, müsəlmanları soymağa və qırmağa başladılar”. “Azərbaycan” qəzetinin 18 may 1919-cu il tarixli 103-cü sayında “Lənkəranlıların fəryadı” adlı məqalədə qeyd edilir ki, “Artıq bir ildən çoxdur ki, Lənkəranın əsasən müsəlmanlardan ibarət olan əhalisi hakimiyyət uğrunda mübarizə aparanların əlində yanır. Son günlərdə hakimiyyət bolşeviklərin əlinə keçmişdir. Ərazidə həbslər və Denikinin havadarlarına qarşı təqiblər başlanmışdır. Lənkəranda bolşeviklər partiyası ilə denikinçilər arasında böyük toqquşmalar baş verdiyindən, bazarda alış-veriş dayandırılmış, yerli tacirlərin – müsəlmanların malları yandırılmışdır”. Beləliklə, iki ilə yaxın bir müddət ərzində Lənkəran qəzasında ermənilərin törətdikləri qırğınlara 1919-cu ilin yayında - Camal Paşanın komandanlığı ilə türk ordusunun və Azərbaycan Milli Ordusunun Lənkəran qəzasına daxil olduğu vaxtdan son qoyuldu. Nəticədə, qəzanın milli qüvvələrin əlinə keçməsi ilə, əhali qırğından, talanlardan xilas olmuş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Lənkəran qəzasında soyqırıma məruz qalan əhalinin sayı ilə bağlı dəqiq rəqəm olmasa da müqayisə aparmaq üçün Lənkəran şəhərində müxtəlif illərə görə əhali sayına nəzər salmaq olar. “Qafqaz təqviminin 1916-cı il 1 yanvar tarixinə olan məlumatına görə, Lənkəran şəhərinin 17.801 nəfər əhalisi vardı. Şəhər əhalisinin əksəriyyətini də müsəlmanlar təşkil edirdi. 8700 nəfəri kişi, 6529 nəfəri qadın olmaqla şəhərdə 15.229 nəfər müsəlman əhali yaşayırdı. Şəhərdə qeyri-müsəlmanlardan başqa 1874 nəfər rus, 550 nəfər erməni, 99 nəfər yəhudi, 49 nəfər digər avropalı xalqlardan olan əhali vardı. 1926-cı il ümumittifaq siyahıyaalınmasına görə, Lənkəran qəzasının şəhər əhalisinin sayının azalmasında azalma qeydə alınmışdır. Şəhər əhalisinin sayında ötən 9 il ərzində 4966 nəfər azalma qeydə alınmışdı. Halbuki 1908-ci ildə şəhər əhalisinin sayı 10.463 nəfərdən 1917-ci ilə qədər 17.801 nəfərə qədər çatmışdı. Hətta birinci dünya müharibəsi illərində əhali sayı 7338 nəfərə qədər artım qeydə alınmışdı. Nəzərdən keçirilən faktlar ümumilikdə, 1918-1919- cu illərdə daşnak-bolşevik- denikinçi qüvvələrin Lənkəran qəzasında, xüsusilə də Lənkəran şəhərində qanlı soyqırım cinayətləri həyata keçirdiyini bir daha təsdiq edir. Bu soyqırımlar nəticəsində bölgənin əhalisi kütləvi şəkildə məhv edilmişdir. Bunu Lənkəran şəhərinin nümunəsində əsrin əvvəlində və 1926-cı il əhalinin kameral siyahıyaalınmasındakı ciddi say fərqinin olmasında müşayiət etmək mümkündür.

Ədəbiyyat:

1. Kərimov B. 1918-1919- cu illərdə Lənkəran qəzasında ermənilərin törətdikləri soyqırım. // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2012, №2, s. 151-160
2. Nəciyev E. Denikinçilərin və erməni daşnaklarının Lənkəran qəzasında törətdiyi soyqırım // AMEA Tarix İnstitutu “Elmi Əsərlər” “XX əsrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. №,64, 65, 66. Bakı, 2017, s. 317-321.