QUBA QƏZASINDA AZƏRBAYCAN ƏHALİSİNİN SOYQIRIMLARI

 

QUBA QƏZASINDA AZƏRBAYCAN ƏHALİSİNİN SOYQIRIMLARI

Fövqəladə Təhqiqat Komissiyasının materiallarının bir hissəsi 1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba qəzasında ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətlərlə bağlıdır. Bu cinayətləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də işə başlamış və 1920-ci il aprelin 20-də başa çatdırmış, erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 451 vərəq material tərtib etmişdir. Fövqəladə Təhqiqat Komissiya tərəfindən Quba qəzası üzrə – 1 qərar layihəsi hazırlanmışdır. Bu materiallar arasında zərər çəkənlərin və şahidlərin dindirmə protokolları, Fövqəladə Təhqiqat Komissiyanın üzvü A.Novatskinin (A.Novatskinin məruzəsi “Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi” adlanır) və digər şəxslərin hazırladığı məruzələr, aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sakinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır.

Azərbaycan əhalisinə qarşı erməni silahlı dəstələrinin 1918-ci ilin mart soyqırımından sonra Bakı qəzasının bir hissəsi bolşevik diktaturasının əlinə keçmişdir. Bu hadisədən sonra St.Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı əsgər dəstəsi göndərilmişdi. D.Gelovani yazırdı ki, Qubaya gələn dəstənin içərisində 12 nəfər erməni, bir neçə nəfər yəhudi, qalanları isə ruslar idi. Dəstədə familiyasını bilmədiyim erməninin rəhbərliyi altında 2 pulemyot da var idi. Onlar buradan geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış və Bazar küçəsində 16 nəfəri, Komendant küçəsində 7 nəfəri, şəhərin kənarında, köhnə həbsxana adlanan yerdə isə 35 nəfəri qətlə yetirmişdilər. D.Gelovani bu hadisə barədə belə məlumat vermişdi: “Xaçmazdan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilərdən ibarət 150 nəfərlik dəstə və iki top gəldi. Növbəti günü o, Qubada əksəriyyəti ermənilərdən ibarət olan xristian əhalini şəhərdən çıxarmaq üçün bir yerə yığdı. Biz geri çəkilməyə başladıq. Biz Xaçmaza, oradan isə Dərbəndə gəldik. Bir neçə gündən sonra hərbi nazir G.Korqanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət “cəza dəstəsi”ni Qubaya göndərdi”. Gelovaninin dediyi bu sözləri başqa sənədlərdə də öz təsdiqini tapmışdı. 1918-ci ildə bolşevik drujinaçısı olmuş Arustamov xatirəsində “Xaçmaz stansiyasına çatarkən yol boyu meyitlərə rast gəldiyini, qarşıda daşnak batalyonun getdiyini, onlar qabaqda gedərək dinc vətəndaşları və daha çox türkləri güllələmələrini və onların mal-qaralarını məhv etmələrini” göstərmişdi. Hamazasp qubalılar qarşısındakı çıxışında “Mənə əmr olunub ki, dəniz (Xəzər) sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv edim və evlərinizi isə yerlə bir edim” deməsi bir daha göstərir ki, ermənilərin və eləcə də, Bakı XKS rəhbəri Şaumyanın əsas məqsədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik-sovet bayrağı altında müsəlmanları daha çox qırmaq, onları qorxutmaq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu. Ermənilərin Qubadakı azğınlığı 9-10 gün davam etmişdir. Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin günü şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların çoxu qadın və uşaqlar idi. Böyük şosse və Bazar küçələrindəki evlər qarət edilir. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaradırlar. Ermənilərin özbaşınalıqları 2-ci gün də davam etmiş və onlar daha 1012 adamı öldürmüşdülər. Hamazaspın “Cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 122 kəndini darmadağın etmişdi. Quba şəhərində iki mindən çox adamı – kişi, qadın və uşağı qətlə yetirilmişdir və həmin kəndlərin əhalisinə, ümumi dəyəri 58.121.059 manatlıq (rubl) ziyan vurulmuşdu. Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır.

Ermənilər Qubada qətl-qarətlə məşğul olarkən, dini ibadət yeri olan məscidləri, müsəlmanların müqqəddəs kitabı olan Quranı yandırmaqdan belə çəkinməmişdilər. A.Novatskinin məruzəsində deyilirdi ki, erməni silahlı dəstələrinin şəhərə daxil olması müsəlman əhalinin kütləvi surətdə qətli və onlar üzərində hər cür zorakılıq halları ilə müşayiət olunurdu. Ermənilər küçələrdə əllərinə keçən kişi, qadın və uşaqları amansızlıqla qətlə yetirirdilər. Evlərə soxularaq südəmər uşaqlara belə rəhm etmir, onları analarının qucağında qılıncla doğrayırdılar. Qubada bir-bir evlərə girib bütün ailəni məhv edən ermənilər, hətta hamilə və körpə uşaqlı qadınlara belə rəhm etməmişdilər. Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallardan aydın olur ki, Hamazaspın silahlı dəstəsi tərəfindən Quba şəhərindən dörd milyon manatlıq (rublla) nağd pul, dörd milyon yarım manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-qaşları, iki milyonluq müxtəlif ərzaq ehtiyatları qarət edilmiş və oğurlanmışdı. Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. Müsəlmanlara məxsus iki yüzə yaxın ev və başqa tiklilər dağıdılmış və yandırılmışdı. Həmin evlər və tiklilər Bazar, Komendant, Bakıxanov, Bulvar küçələrində yerləşirdi. David Gelovanin Fövqəladə Təhqiqat Komissiyasına verdiyi ifadəsinə görə Hamazaspın silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə “Daşnaksütyun” partiyası tərəfindən göndərilmişdi. Əslində Gelovani düzgün məlumat verməmişdi. Çünki tarixi sənədlərdən məlumdur ki, Hamazaspı Qubaya göndərən S.Şaumyan olmuşdur. Bu fikri Quba şəhərinin başçısı Əliabbas bəy Əlibəyovun Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatında öz təsdiqini tapmış olur. Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi, Quba şəhərinin başçısı Əliabbas bəy Əlibəyov öz ifadəsində yazırdı: “Silahlı dəstənin Qubada törətdikləri hadisələr barəsində onlara yazılı şəkildə məlumat verdim. Şaumyan sifətində sevinc ifadəsi olaraq məni dinlədi və dedi: “Müsəlmanlar və türklər yüz minlərlə ermənini öldürüblər, indi nə olub ki, Qubada ermənilər iki müsəlmanı öldürən kimi müsəlmanlar şikayət edır və göz yaşı axıdırlar”. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Qubada dinc əhaliyə qarşı cinayətlər törədən ermənilərin adları qeyd olunmuşdur. Komissiyanın üzvü A.Novatskinin məruzəsində Hamazaspın “cəza dəstəsində” onun özü, müavini Nikolay və komissarı Venuntsdan başqa daha fəal üzvlərinin adları da sadalanır. Bunlar Quba şəhər sakinləri – Hartun Hayrapetov, dəllək Cavad, Hartunov, balıq sənayeçisi Avakovun oğlu, tələbə Əmircanov qardaşları, tacir Mirzə Əmircanovun özü və qardaşı uşaqları, meyxanəçi Məlikov, Qriqoninin oğlu Vartan, dəyirman sahibi Mirzəcanın nəvəsi Hartun, Vartan Avakov, Hartun Baba oğlu, Aleksandr Mukasyants, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə Hartun Karapet oğlu – iki oğlu və qardaşı oğlu ilə və s. Məruzənin yekununda Quba şəhərində və Quba qəzasının 122 kəndində vəhşiliklər törətmiş Hamazaspa, onun müavini Nikolaya, komissar Venuntsa, Hartun Hayrapetova, dəllək Cavada, Avakova, Əmircanova və başqalarına qarşı cinayət işi qaldırmaq təklif olunurdu. Öldükləri üçün keçmiş komissarlar Ş.Şaumyan və G.Korqanova qarşı cinayət işi xətm olunması təklif olunurdu. Elə həmin ilin noyabrında göstərilən məruzə əsasında Fövqəladə Təhqiqat Komissayası, komissiyanın sədri Ə.Xasməmmədovun və komissiyanın digər üzvlərinin imzası ilə yuxarıda göstərilən şəxslərə qarşı cinayət işi qaldırılması haqqında qərar qəbul etmişdir. Onların işləri 1920-ci il yanvarın 29-da Bakı dairə məhkəməsinin prokurorluğuna göndərilmişdir. 1920-ci il yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransında iştirak edən dövlətlər tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq AXC Parlamentinin həmin il fevralında qəbul etdiyi qərara görə millətlərarası düşmənçilik zəminində törədilmiş cinayətlərə xitam verildiyi və bu işlərin istintaqının dayandırıldığı elan olunurdu. Beləliklə, ermənilər bolşevik-sovet hakimiyyətinin himayəsindən istifadə edərək, 1918-ci ilin aprel-may aylarında Azərbaycan əhalisinə qarşı öz məkrli siyasətlərini davam etdirmişlər. Bu siyasətin nəticəsində, minlərlə dinc Azərbaycan əhalisi qətlə yetirilmiş, evləri qarət olunub yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış və öz ata-baba torpaqlarından didərgin salınmışlar. 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı 1918-ci ilin qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanları isə yaşlı kişilərdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlar və onların hər cür özbaşınalıqları tutarlı faktlarla üzə çıxdıqca, 1918-ci illərin bütün dövrü ərzində, ermənilərin Şimali Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında apardıqları soyqırımı siyasətinin əsl mahiyyəti arxiv sənədləri, arxeoloji və elmi-tədqiqat materiallarından istifadə etməklə aydınlaşmış olur.

Ədəbiyyat:

Abışov V.Ş. Quba qəzasında türk-müsəlman soyqırımı//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və  Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s, s. 96-104
Abışov V.Ş. Quba Qəzasında Azərbaycan xalqına qarşı soyqırım (1918-1920). B.: Turxan NPB, 2014, 96 s.