ŞAMAXI QƏZASINDA TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

 

ŞAMAXI QƏZASINDA TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

1918-ci ildə Şamaxı qəzası Bakı quberniyasının tərkibinə daxil idi və indiki Şamaxı, Ağsu, Qobustan və Hacıqabul rayonlarının ərazisini əhatə edirdi. “Qafqaz təqvimi”nin 1916-cı ilin sonlarına olan məlumatına görə Şamaxı şəhərinin əhalisi 27.752 nəfər idi. Əhalinin 76,1 faizini müsəlmanlar (21.127 nəfər), 16,34 faizini (4534 nəfər) ermənilər, 6,25 faizini (1737 nəfər) ruslar, 1,31 faizini (363 nəfər) isə qafqaz dağlıları və yəhudilər təşkil edirdi. Şamaxı qəzasında 229 kənd var idi ki, bu kəndlərdən 196-da türk-müsəlman əhali, 21-də ermənilər, 11-də rus və molokanlar, 1-də isə yəhudilər yaşayırdılar. Şamaxı şəhəri də daxil olmaqla kəndlərlə birlikdə bütövlükdə Şamaxı qəzasının əhalisi 161.552 nəfər idi ki, bunun da 72,9 faizini (117.706 nəfər) müsəlmanlar, 13,78 faizini (22.350) ermənilər, 12 faizini (19.393) ruslar, 1,32 faizini isə Qafqaz dağlıları və yəhudilər təşkil edirdi. Buradan da göründüyü kimi, Şamaxı qəzasının əhalisinin 72,9 faizini təşkil edən müsəlmanlar sayca tam üstünlük təşkil edirdilər. Lakin Bakıdan gəlmiş daşnak- bolşevik birləşmələrinin və yerli erməni-molokan əhalisinin yaxşı silahlanması və planlı surətdə soyqırım aktına hazırlaşması əliyalın dinc, silahsız müsəlman əhalisini görünməmiş vəhşiliklərlə üz-üzə qoydu. Birləşmiş daşnak-bolşevik- molokan silahlı birləşmələri qəzada qadın, qoca və uşaqlara belə fərq qoymadan türk-müsəlman əhalisinə qarşı tarixdə görünməmiş soyqırım törətdilər. 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında qəbul etdiyi 23 qərar layihəsi və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar ermənilərin vəhşilikləri haqqında ətraflı məlumat verir. Şamaxı şəhərində və Şamaxı qəzasının kəndlərində türk-müsəlman əhalinin soyqırımını törətmək planı daşnak-bolşevik qüvvvələri tərəfindən 1918-ci ilin mart hadisələri zamanı hazırlanmış və Şamaxı şəhəri mart- aprel aylarında iki dəfə, Şamaxı qəzasının 110 kəndi isə mart-iyul ayları ərzində bir neçə dəfə hücum və talanlara məruz qalmışdır. Birləşmiş erməni-bolşevik- molokan silahlı qüvvələrinin Şamaxı şəhərində ilk hücumu 1918-ci il martın 29-da sübh çağı, yatmış şəhərin top atəşinə tutulması ilə başlamışdır. Şəhərin müsəlman məhəllələrinə hər tərəfdən edilən hücumlar nəticəsində əhali şəhərdən kənara çıxa bilməmiş və erməni-bolşevik birləşmələri əhalini kütləvi surətdə qətlə yetirmişlər. Stepan Lalayev və Tatevos Əmirovun başçılıq etdiyi erməni-bolşevik birləşmələri müsəlmanları soyub-talayıb və qadın, qoca, uşağa fərq qoymadan hamısını qırmışlar. Şəhərdə yanğınlar və talanlar dörd gün ərzində davam etmişdir. Şəhərin ən abad hissəsi olan, zəngin müsəlmanların yaşadıqları “Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdır. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – 800 illik tarixi olan Cümə məscidi yandırılmışdır. Bir həftəlik fasilədən sonra, 1918-ci il aprelin 10-da Stepan Lalayevin və Tatevos Əmirovun başçılıq etdiyi erməni silahlı birləşmələri və qəzanın molokan əhalisindən ibarət silahlı dəstələr Şamaxı şəhərinə ikinci dəfə hücum etmiş və şəhəri tamamilə viran qoymuşlar. Müsəlmanlara məxsus bütün evlər, ticarət və mülki obyektlər talan edilmiş, dağıdılmış və yandırılmış, şəhərdə qalan müsəlman əhali tamamilə məhv edilmişdir. Yanğına bürünmüş şəhər bir neçə saat ərzində xarabazara çevrilmişdir. Erməni silahlı birləşmələri Stepan Lalayevin əmri ilə əksəriyyəti qadın, uşaq və qcalardan ibarət olan sakinləri məscidlərə yığmış və diri-diri yandırmışlar. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, təkcə məscidlərdə diri-diri yandırılan türk-müsəlman əhalinin sayı 2000 nəfərdən çox olmuşdur. Mühasirəyə alınmış məscidlərdən çıxmağa və xilas olmağa çalışanlar güllələnmişlər. Müsəlman əhalini qorxutmaq üçün öz evində və “Yuxarıqala” məscidində 400-dək uşaqlı qadına sığınacaq vermiş Axund Cəfər Qulu görünməmiş qəddarlıqla qətlə yetirilmiş, insanlar isə diri-diri yandırılmışlar. Fövqəladə Təhqiqat Komissiyasının hesablamalarına görə, Şamaxı şəhərində törədilmiş türk-müsəlman soyqırımı vaxtı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 10.000-i öldürülmüş, şəhərdən qaçaraq sağ qalmış əhali isə qaçqın halında Azərbaycanın müxtəlif şəhər və qəzalarına dağılmışlar. Şamaxı şəhəri tamamilə dağıdılmış və yandırılmış, türk-müsəlman əhaliyə 1.000.000.000 (1 milyard) rubl maddi ziyan vurulmuşdur. Arxiv sənədlərində qaçqın və köçkünə çevrilən əhali arasında soyuq, aclıq və xəstəlikdən ölənlərin sayının çox olduğu bildirilsə də, yekun rəqəm göstərilmir. Əslində isə davam etməkdə olan anarxiya və qarşıqlıq dövründə belə bir statistikanın aparılması mümkün olmamışdır. Şamaxı şəhəri ilə paralel olaraq Şamaxı qəzasının 110 kəndi də erməni-bolşevik- molokan silahlı birləşmələrinin hücumlarına, soyqırıma və talanlara məruz qalmışdır. Şamaxı qəzasının 110 müsəlman kəndinə hücum edən ermənilər 106 kəndi tamamilə yandırmış və dağıtmış, 10.440 nəfər türk-müsəlmanı soyqırıma məruz qoyaraq ağır işgəncələrlə öldürmüş, meyidlərin üzərində belə təhqiramiz hərəkət etmişlər. Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının erməni hücumuna məruz qalmış hər bir kəndi üzrə tərtib etdiyi yekun aktlara görə, 110 kənd üzrə öldürülən 10.440 nəfərin 5023-ü kişi, 2741-i qadın, 1444-ü uşaq, 300-ü qadın və uşaq və uşaq olaraq göstərilmiş, 932 nəfərin isə cinsi göstərilməmiş, sadəcə öldürülən insan sayı kimi verilmişdir. Bunlardan başqa ermənilərin hücumlarından canlarını qurtarmağa çalışan türk-müsəlmanların müəyyən bir qismi dağlara və meşələrə qaça bilsə də burada da insan tələfatı olmuşdur. Təkcə dağlara və meşələrə qaçanlardan əksəriyyəti qadın, qoca və uşaq olmaqla 1855 nəfəri həyatını itirmişdir. Bütövlükdə 110 kənd üzrə 12.295 nəfər türk-müsəlman öldürülmüş, 276 nəfər ağır yaralanaraq şikəst edilmişdir. 110 kəndin türk- müsəlman əhalisinə vurulmuş maddi ziyanın məbləği 631.208.132 rubl təşkil edir.

Bütövlükdə Şamaxı qəzasında şəhərlə birlikdə 22.295 nəfər öldürülmüş, qəzaya 1918-ci ilin son rübünün qiymətləri ilə 1.631.208.132 rubl, indiki qiymətlə 73.404.366.000 ABŞ dolları maddi ziyan dəymişdir. Şamaxı soyqırımı ilə bağlı Fövqəladə Təhqiqat Komissiyasının tədqiqata cəlb etdiyimiz sənəd və materialları onu sübut edir ki, 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən faciəli hadisələr XX əsrdə baş vermiş ən qatı soyqırım cinayətidir. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəllində törətdiyi soyqırımlar haqqında bəyanatı mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir. Başqa sözlə desək, ermənilər tərəfindən türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım faktı, bu soyqırım nəticəsində türk-müsəlman əhalinin məruz qaldığı itki və tələfatlar təhqiqat və istintaq materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta yetirilir.

Ədəbiyyat:

Abışov V.Ş. Şamaxı qəzasında türk-müsəlman soyqırımı.//Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s. 86-95.
Abışov V.Ş. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırım (1918-1920). Bakı: Turxan NPB, 2014, 120 s.
Qafarov V. Şamaxı soyqırımında Azərbaycanın məruz qaldığı itki və tələfatlar (Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında)// “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920- ci illər)” mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfransın materialları. Bakı: “Turxan” NPB, 2016, s. 303-311