AZƏRBAYCANIN GÜNEYİNDƏ TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

 

AZƏRBAYCANIN GÜNEYİNDƏ TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

1917-1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində, əsasən Urmiya, Salmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı böyük dövlətlərin təşkil etdiyi, başda ermənilər olmaqla xristian ordusunun həyata keçirdiyi soyqırım cinayətini özündə əks etdirən xeyli miqdarda farsdilli mənbə və ədəbiyyatla yanaşı, Türkiyə Cumhuriyyəti “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”ndə (ATASE) qorunub saxlanılan kifayət qədər sənəd var.

Urmiya bölgəsində həyata keçirilən erməni və aysorların qanlı fəaliyyətlərini Osmanlı Dövləti yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün görüləcək bütün tədbirləri əsasən VI ordu komandanı Xəlil paşaya həvalə etmişdir. Hələ 1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi ilə on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü. Çağırılmamış bu ac qonaqların gəlməsi, üstəlik bu hadisənin Birinci dünya müharibəsi şəraitində baş verməsi yerli əhali üçün ağır bir yük idi. Lakin buna baxmayaraq Cənubi Azərbaycan əhalisi onların yaşaması üçün münasib şərait yaradıb çörək və ocaqlarını onlarla böldü. Lakin cilovlar bu duz- çörəyin qarşılığını ölüm, qan və güllə ilə ödədilər. Brest-Litovsk müqaviləsindən sonra rus qoşunlarının İrandan geri çəkilməsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtəlif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da artırdı. Rus qoşunlarının Cənubi Azərbaycandan təxliyə edilməsi ilə eyni zamanda müttəfiq dövlətlər (İngiltərə, Fransa və ABŞ) erməni, aysor və Cənubi Azərbaycanda qalan rus qüvvələrdən ibarət xristian ordusu yaradaraq azərbaycanlılara qarşı xaç yürüşü həyata keçirdilər. Müttəfiqlər rusların əvəzinə Azərbaycan və Osmanlı türklərinə qarşı erməniləri və aysorları silahlandıraraq onlardan 6 batalyon (4 batalyon aysor və 2 batalyon erməni) 4 batareya, 300 nəfərlik süvari dəstə və rus, ingilis, fransız zabitlərinin komandanlığı altında bir pulemyot rotası təşkil etdilər. Həmin dövrdə 6-cı firqə komandanlığına göndərilən bir teleqramda: “Urmiya və Səlmas ətrafına bir rus polkovnikinin komandanlığı altında 1-i erməni, 3-ü aysorlardan ibarət olan 4 piyada taburunun, ayrıca olaraq 5 minədək silahlı erməni və aysor birləşməsinin, 12 dağ batareyası və çox sayda odlu silahın olması” haqqında məlumat verilmişdir. Urmiyadan Qara dənizə qədər silahlanan ermənilər isə öz məkrli niyyətlərinə çatmaq üçün rusların xristian təəssübkeşliyi ilə Cənubi Azərbaycan ərazisində yerləşdirilən aysorlardan istifadə edirdilər. Hətta, Anadolu bölgəsindən geri çəkilən rus qoşunlarının tərkibində olan ermənilər də Urmiya bölgəsinə gələrək buradakı erməni və aysorlarla birləşmişdi. Onlar rus ordusuna məxsus silahları ələ keçirərək Urmiya, Səlmas, Xoy və Cənubi Azərbaycanın digər bölgələrində yerli əhaliyə hücum edərək onları məhv etməyə başladılar. 1918-ci ilin fevral-mart aylarında erməni-aysor birləşmələrindən təşkil olunmuş xristian ordusu Savucbulaq bölgəsində geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirdilər. Silahlanmış dəstələr əsasən Urmiya və Dilman bölgəsində toplanmağa başladılar. ATASE arxivindən əldə olunan sənədlər içərisində hətta ingilislərin Alaçatı ətrafında gizli yollardan qatır satın aldıqları və 5000-ə qədər erməni mühacirini Dilman ətrafındakı kəndlərə yerləşdirməsi haqqında da məlumat verilir. Erməni-aysor hərbi birləşmələri Urmiya şəhəri ətrafında hərbi mövqe tutaraq, yerli əhalini soyub-talayır, gündüz barışığa vəd versələr də, gecələr şəhərin ayrı-ayrı məhəllələrini yandırıb, viran qoyurdular. Hətta Van bölgəsindən, Osmanlı hərbi hissələrinin önündən geri çəkilən erməni və aysorlar da Urmiya gölü ətrafında birləşərək yerli türk-müsəlman əhaliyə və Osmanlı qüvvələrinə qarşı vuruşmaq üçün hazırlığa başlamışlar. Bu vəziyyətin qarşısını almaq məqsədilə Osmanlı qüvvələri həm Van bölgəsindən Urmiyaya doğru, həm də Ərbil və Rəvandiz bölgəsindən Cənubi Azərbaycan və Cənubi Qafqaza doğru hərəkətə başlamışdı.

Erməni və aysorların Urmiya bölgəsində Azərbaycan türklərini qətl etməsi Osmanlı dövlətinin VI və III ordusuna məxsus hərbi hissələrinin Urmiyaya doğru qərb istiqamətindən hərəkətə başlamasına səbəb oldu. Osmanlı Dövləti Urmiya bölgəsində günbəgün artan erməni və aysorların qanlı fəaliyyətlərini yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün həyata keçiriləcək bütün tədbirləri əsasən VI ordu komandanı Xəlil paşaya həvalə etmişdir. Xəlil paşanın Osmanlı Baş komandanlığına göndərdiyi 5 fevral 1918-ci il tarixli şifrələnmiş teleqramında rus ordusu tərəfindən Urmiyanın təxliyə edilməsindən sonra alınan xəbərlərə uyğun olaraq görüləcək tədbirlər haqqında məlumat verilmişdir. Bundan əlavə, Xəlil paşa “Urmiya yaxınlığındakı erməni və aysorların qüvvələrini darmadağın etmək və şəhərin ələ keçirilməsi üçün həyata keçiriləcək tədbirlərdə ehtiyatlı olmağa, Urmiyaya olunacaq hücumun bir müddət təxirə salınmasını, buraya daha güçlü bir partizan dəstəsi ilə girməyin vacib olduğunu və Van bölgəsindəki III ordunun da köməyə göndərilməsini” rica etmişdi. Bu teleqramın mətnindən Urmiya bölgəsində mövcud olan erməni-aysor birləşmələrinin nə qədər təhlükəli olduğunu izləmək mümkündür.

1918-ci ilin əvvəlindən başlayaraq erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı görünməmiş vəhşiliklə həyata keçirdikləri qətliamlar intensivləşdi. İlk kütləvi qətliamlar 1918-ci il fevralın əvvəllərində Urmiya şəhərində birləşmiş xristian ordusu tərəfindən Azərbaycan türklərinin məhv edilməsi ilə başlandı. 22 fevral cümə günü Urmiya əhalisinin 3 günlük fasiləsiz olaraq qırğını başlandı. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edildi. Xristian ordusu Azərbaycan türklərinin evlərinə hücum edirdilər. Dövrün mənbələrinə əsaslanan T.Dilməqani bu hadisəni belə təsvir edir: “Belə bir sürətli və vəhşicəsinə hücumu gözləməyən müsəlmanlar gözlənilmədən yaxalandılar. Onlar evə hücum etdikdən sonra ev sahibini öldürür, evin əşyalarını qarət edir, sonra yandırırdılar ...Urmiyanın Novgeçər, Yurtşah və Şəhərin cənub hissəsindəki məhəllələrdə yaşayan müsəlmanlarının böyük bir qrupu məhv edildi. Toplarla yandırılan şəhər tamamilə dəyişdi, insanların nalə səslərindən qulaq tutulurdu....”

Xristian ordusunun bir qrupu gecə vaxtı Urmiya qalasından kənarda yerləşən evlərə hücum edib qadın və kişiləri öldürmüş, evləri talan etmiş, gənc qadınları zorlamışlar. Amerika konsulu doktor Şod hökumət binası olan Çəharbürc imarətinin Amerika missioner təşkilatına aid olduğunu bəhanə edərək təkidlə binada olan müdafiəçiləri çıxararaq binanı boşaltdırmışdı. Fevralın 25-də atəş ara verdi və 48 saat ərzində müsəlmanlara aid bütün silahlar yığıldı. Əhali öz yaxınlarının meyitləri basdırmağa başladı. Ölülərin sayı o qədər çox idi ki, onları bükməyə kəfən çatışmadı. Cənazələri basdırmaq bir neçə gün çəkdi. Gündə 200-ə qədər cənazəni dəf etmək olurdu. Martın əvvəlləri Urmiya şəhəri xristian ordusu tərəfindən tamamilə ələ keçirildi. Soyqırımın baş verdiyi dövrdə yaşayan Seyid Əhməd Kəsrəvinin yazdığına görə, şəhəri top atəşinə tutan ermənilər əhali arasında vahimədən istifadə edərək, şəhərə daxil olub, dinc əhaliyə divan tutur, evləri yandırır, kütləvi qətl-qarət törədirlər. Həmin dəhşətli hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətliam edilmişdir. Ə.Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır.

Bu soyqırımların Urmiyanın kəndlərində və ona yaxın bölgələrdə davam etməsi haqda farsdilli müəllif Məhəmməd Təməddon maraqlı məlumatlar vermişdir. 1918-ci il aprelin 3-də xristian ordusu Səlmasın mərkəzi Dilman şəhərinin ələ keçirdilər. Erməni və aysorlar burada Urmiya və Köhnə şəhərin əksinə olaraq soyqırımı həyata keçirmədilər. Yalnız bazarları və evləri soymaqla məşğul oldular. Urmiya yaxınlığında olan digər kənddə – Əsgərabadda 1918-ci il may ayının 30-da cümə günü azərbaycanlı əhalinin xristian ordusu tərəfindən qətliamı baş verdi. Günlərdir ki, xristianlar qətliam və qarətləri, müsəlmanların evlərinə od vurmaq, ətraf müsəlman kəndlərinə hücum edərək əhalini vəhşicəsinə qətl və qarət etdilər. Digər kəndlərdəki müsəlmanlar xristianların zülmündən qaçaraq Əsgərabad kəndinə pənah aparmışdı. Əsgərabadın hasarı möhkəm idi. Kənd hər tərəfdən mühasirəyə alındı. 1918-ci il mayın 24-ü şənbə günü xristianların Xoya hücum etməsi xəbəri alındı. Urmiya, Salmas, Sulduz və s. yerlərdən kömək etmək üçün əhali toplandı. 1918-ci il mayın 30-da cümə günü xristianların yaxşı silahlanmış dəstələri Əsgərabada hücuma keçdilər. Səhra toplarının güclü atəşi Əsgərabadın yenilməsinə səbəb oldu. Şücaət və mərdliklə döyüşən müdafiəçilər şəhid oldular. Qala hasarları dağıdıldı. Qala sakinləri bütünlüklə şəhid oldu. Hətta qocalar, qadınlar və uşaqlar da məhv edildi. Daha sonra müəllif bu qanlı hadisəni təsvir edərək yazır: “Kənd məscidinə pənah aparanlara da rəhm edilmədi. Onları doğram-doğram etməklə öldürdülər. Məscidin içərisindən çölə qan axını cərəyan edirdi. Küçələrdə, yollarda və bağlarda gizlənən müsəlmanların hamısı gülləbaran edildi. Əsgərabad qəbiristanlığa döndü. Onların dəfni üçün insan belə tapılmadı”. VI ordu komandanı Xəlil paşa VI firqə komandanlığına 13 aprel 1918-ci il tarixində göndərdiyi teleqramında “... ruslardan gözlədiyi köməkdən məhrum olan ermənilərin İrandakı ingilis, fransız və amerikalılar tərəfindən himayə olacaqlarına ümid etdikləri və onlarla birləşmək fürsətini gözlədikləri” xəbəri verilmişdi. Vəziyyətin ciddiləşdiyini görən ermənilər ingilis ordusu ilə birləşmək üçün İran hökumətindən icazə istəmişlər, lakin İran hökuməti onlara silahlarını təslim etdikdən sonra buna izn verəcəyini bildirmişdir. Lakin Osmanlı qüvvələri ermənilərin ingilislərlə birləşməsinə aman verməmiş, onları məğlub edərək Araz çayının quzeyinə doğru geri çəkilməyə məcbur etmişdir. Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində və onların ətrafındakı kəndlərdə Azərbaycan türklərinin soyqırımı davam etdiyi vaxt Osmanlı ordusu soydaşlarımızın yardımına gəldi. 1918-ci ilin iyununda Xoy şəhərinə çatan türk ordusu oradan Salmasa doğru hərəkət etdi. Bir neçə günlük döyüşlərdən sonra erməni ordusu darmadağın edilib, qaçmağa başladı. Lakin onlar geri çəkilərkən belə, kəndlərə od vurur, insanları qətlə yetirir, məğlubiyyətlərinin acığını dinc əhalidən çıxırdılar. Həmin vaxt daşnak qaniçəni Andronik Xoy şəhərini ələ keçirmək və erməni-aysor qoşunu ilə birləşmək üçün 8 min nəfərlik hərbi qüvvə ilə Culfa yolundan hərəkət etdi. Ermənilər Xoy şəhərini ələ keçirib, əhalini qırdıqdan sonra özləri ilə gətirdikləri 10 min erməni ailəsini burada yerləşdirmək və Azərbaycanın bu hissəsini Ermənistana birləşdirmək niyyətində idilər. 1918-ci il iyunun 24-də Andronikin ordusu Xoy şəhərini mühasirəyə aldı. Ermənilər Urmiyada törətdikləri vəhşilikləri burada da davam etdirdilər. Lakin şəhər sakinləri silahlı müdafiə ordusu yaradaraq, düşmənə ciddi müqavimət göstərdi. Şəhərin müdafiəsində qadınlar da iştirak edirdilər. Ermənilər şəhəri top atəşinə tutdular. Lakin bu vaxt Salmas tərəfdən Osmanlı ordusunun yaxınlaşdığını görən ermənilər məğlub olacaqlarını hiss edib, gəldikləri yolla da geri döndülər. Ermənilər yeni- yeni məkrli planlar qurur, zəif müdafiə olunan şəhər və kəndlərə basqınlar edib, yeni faciələr törədirdilər. Onlar rusların Urmiya gölündəki hərbi gəmisindən də istifadə etməyi nəzərdə tuturdular. 180 nəfər yaxşı təlim görmüş erməni-assur hərbçisinin əlində olan bu gəmi vasitəsilə Şərəfxana limanına çıxmaq və oradakı gəmiləri ələ keçirmək istəyirdilər. Lakin onlar sahilə çıxarkən Osmanlı və Azərbaycan türkləri ilə döyüşdə məhv edildilər. Beləliklə, onların bu planı da baş tutmadı. 1917-1918- ci illərdə Cənubi Azərbaycanın qərb bölgəsində, əsasən Urmiya, Salmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı böyük dövlətlərin təşkil etdiyi, başda ermənilər olmaqla xristian ordusunun həyata keçirdiyi soyqırımda 100 minlərlə dinc sakin məhv edilmişdir. Birləşmiş xristian ordusu Cənubi Azərbaycanın qərb bölgəsində onlarla şəhər və kəndləri viran qoymuş, talan etmiş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan dünyada misli görünməmiş soyqırımı həyata keçirmişlər. Lakin xristian ordusunun təkcə Urmiyada həyata keçirdiyi soyqırımda 100 minlərlə dinc sakin məhv edilmişdir. Onların sayı barədə daha dəqiq məlumat İran mərkəzi hakimiyyətinin Urmiyadakı kargüzarı Rəhmətullah xan Mötəmidəlvuzarə tərəfindən verilmişdir. O, xristian ordusunun həyata keçirdiyi soyqırımda dövlətə dəyən zərərin, o cümlədən insan tələfatının hesablanması üçün yaranan komissiyanın başçısı idi. Yerlərdə aparılan bu hesabatlarda qeyd edilmişdi: “Şəhərin bəzi məhəllələrinə, eləcə də bəzi kəndlərə dəyən xəsarət və can itkisinin hələ də hesablanmasına baxmayaraq, I Dünya müharibəsi başlayandan indiyə kimi sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, xəsarət isə təxminən 160 krur tümən idi... xəsarət və insan tələfatı qeydə alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 krur tümən, insan itkisi isə 200 min nəfər olur”. Cənubi Azərbaycan, əsasən də Urmiya bölgəsində azərbaycanlılara qarşı törədilmiş kütləvi cinayətlər əslində ermənilərin Cənubi Qafqaz, Şərqi Anadolu və İran ərazisində türk-müsəlman əhalisini soyqırımına məruz qoymaqla gələcəkdə türksüz “Böyük Ermənistan” yaratmaq planının tərkib hissəsi idi.

Ədəbiyyat:

1. Nəcəfli G. 1917-1918- ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı. (ATASE-nin sənədləri əsasında). Bakı: ATIB, 2015.
2. Səfəri H. 1918-ci ildə Salmasda Azərbaycanlıların soyqırımı.// “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920- ci illər)” mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfransın materialları. Bakı: “Turxan” NPB, 2016, s.581-587