ŞƏRQİ ANADOLU TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

 

ŞƏRQİ ANADOLU TÜRK-MÜSƏLMAN ƏHALİNİN SOYQIRIMLARI

1914-cü ildən başlayaraq Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımlarını sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (BOA) qorunub saxlanılır. Bu sənədlərin müəyyən hissəsi Başbakanlıq Osmanlı Arxivinin əməkdaşları tərəfindən hazırlanaraq iki cildlik toplu şəklində çap olunmuşdur. Arxivdən əldə olunan sənədlərdəki faktiki materiallar sübut edir ki, təkcə 1918- 1920-ci illərdə ermənilər Şərqi Anadolu (Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.), on minlərlə dinc, silahsız türk-müsəlman əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirmişdir.

I Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya ordusunun tərkibində hərbi təlim görmüş 150.000 erməni əsgəri və tərkibində təqribən 10.000 silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) var idi. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar. Şərqi Anadolunun mühüm strateji əhəmiyyətli bölgəsindən biri olan Ərzuruma ermənilər xüsusi əhəmiyyət verirdilər. Rusiya erməniləri buradan Türkiyəyə keçərək, bölgədə öz mərkəzlərini yaratmışdılar. Trabzon-Van yolunun ortasında yerləşdiyindən, Ərzurum həm quru yolla Qafqazdan, həm də Trabzon yolu ilə (dənizdən) Batum, Göstənçə və digər yerlərdən müntəzəm məlumat almaq, vilayətlərə silah, hərbi sursat göndərmək üçün çox əlverişli idi. 1916-cı il fevralın 16-da Ərzurum rus qoşunları tərəfindən ələ keçirildi. ABŞ tarixçisi St.C.Şou yazırdı: "Bunun ardınca bütün müharibə ərzində ən dəhşətli qırğın baş verdi: milyondan çox müsəlman kəndlisi qaçmalı oldu. Onlardan minlərcəsi Ərzincana çəkilən Osmanlı ordusu ilə birlikdə qaçmağa cəhd göstərərkən tikə-tikə doğrandı". 1919-cu ilin yayında təkcə Ərzurumda 426 nəfər türk-müsəlman milli mənsubiyyətinə görə ermənilər tərəfindən xüsusi işgəncələrlə, boğularaq, yandırılaraq məhv edilmişdir.

Hələ I Dünya müharibəsi zamanı Kağızmanda böyük qismi fərari əsgərlərdən ibarət olan ermənilər ruslar tərəfindən silahlandırılmışdı. 800-dən çox erməni toplaşmış, buraya ermənilərdən ibarət rus könüllü bölüyü də gəlmiş, beləliklə, bölgədəki silahlı ermənilərin sayı 15000 nəfərə çatmışdı. 1919-cu ilin iyulunda keçmiş Kağızman mütəsərrifi Arslan bəy və İsmayılzadə Əhməd əfəndi ailələri ilə birlikdə Kağızmandan Qarsa gedərkən yolda erməni hərbçiləri tərəfindən burun və quldurları kəsilməklə faciəli şəkildə qətl edilmişdi. Erməni hərbçilərinin Kağızmana olan hücumları artdığı üçün yerli türk-müsəlman əhalinin əksəriyyəti doğma yurdlarını tərk edərək dağlara çəkilmiş, onların mal və mülkləri ermənilər tərəfindən talan edilmişdir. 1919-cu ilin yayında ermənilər Kağızmanda türk-müsəlman əhalini vəhşicəsinə qətl edərək Araz çayına tökmüşlər. 1914-1921- ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30.000 əliyalın əhalini məhv etmişlər. 1919-cu ilin əvvəlində Qarsda 9 millət vəkili qətl edilmişdir. Təkcə 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman əhali acınacaqlı işgəncələrlə soyqırıma məruz qalmışdır. Ermənilərin və onların avropalı havadarlarının ən çox təbliğat və təşkilat işi apardıqları bölgə isə Van idi. Erməni komitələri bölgədəki konsulluqlardan, məktəblərdən, kilsələrdən və dərnəklərdən istifadə edərək, sürətlə təşkilatlanmış və quldurluğa başlamışdılar. Bölgənin daşnak liderlərinə Qafqazda, o cümlədən Qarabağda törətdiyi cinayətlərə görə Rusiya hökuməti tərəfindən edama məhkum edilmiş İşxan və Aram da qatılmışdı. Van gölünün Axtamar adasındakı ruhani məktəbi təşkilatın mərkəzinə çevrilmişdi. Van-Muşun erməni əhalisinin qiyama hazırlanmasına Vandan millət vəkili olan Papazyan rəhbərlik edirdi. Təkcə 1915-ci ildə Vanın Rəşadiyə bölgəsinin Aynak kəndində 15 nəfər, Abbasağa bölgəsinin eyni adlı kəndindən 14 nəfər, Həsənli aşirətindən 2000 nəfər, Van və ətrafından 5200 nəfər acınacaqlı şəkildə, müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırıma məruz qalmışdır. 1916-cı ildə isə Van və kəndlərindən 44.233 nəfər türk-müsəlman əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilmişdir. Vanın işğalından sonra rusların təhriki ilə erməni qiyamları ətrafa yayılmış, erməni quldur dəstələri bir çox yerlərdə qətllər törətmiş və bəzi kəndləri tamamilə viran etmişdilər. Muşda və ətrafında əvvəlcə 7000 erməni silahlandırılaraq, kəndlərə səpələnmişdi. Ordudan fərarilik edən ermənilər də onlara qoşuldular və Sasunda böyük quldur dəstələri təşkil olundu. Daşnak dəstələri və "Hınçaq" qrupları bölgəyə gələn "ruslara sədaqətlərini və şücaətlərini" göstərmək üçün cəbhə boyu türk kənd və qəsəbələrindəki qadın, uşaq və yaşlılara təsəvvürə gəlməz işgəncələr verib qətlə yetirirdilər. Muş süqut edərkən erməni quldurları qarşılarına çıxan müsəlmanları rəhmsizcəsinə qətlə yetirir, qadınların namusuna toxunub, yaşlıları diri-diri yandırırdılar. Ayaz nahiyəsində 15 kəndin sakinləri ayaqlarına ağır at nalları vurulub, Hazal gölünə atıldılar. Təkcə 1915-ci ildə Muşun kəndlərində 300 nəfər, Muş və ətrafında 800 nəfər acınacaqlı şəkildə, Anak monastırı qarşısında 10 nəfər, Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər tərəfindən məhv edilmişdir.

Böyük dövlətlərin Cənubi Qafqaz bölgəsinə “nəzarət etmək” siyasəti gücləndikdən sonra onların yardımına arxalanan Ararat Respublikasının Naxçıvan qəzası, İrəvan quberniyası ilə yanaşı həm də Şərqi Anadoluda – əsasən Araz çayı ətrafında yaşayan türk-müsəlman əhalisinə qarşı soyqırım siyasəti daha da intensivləşdi. 1919-cu ilin iyulunda ermənilər Araz çayı ətrafında yerləşən Dəşti, Əfşar, Xınalıq, Qaralar, Şirazlı, Caddə, Görəvan, Tavat və s. kəndlərinə hücum edib yerli əhaliyə görünməmiş işgəncələr vermişlər. Erməni cəlladları yerli əhalini diri-diri yandırmış və canlı-canlı basdırmışlar. Canını qurtara bilən əhali doğma ocaqlarını tərk edərək dağlara çəkilmişdir. Adı çəkilən kəndlərdəki bütün məhsulların və əhaliyə məxsus əşyalar ermənilər tərəfindən tamamilə talan edilib aparılmışdır. Bütün bunlar yerli şahidlər tərəfindən 1919-cu il iyulun 3-də tərtib olunmuş sənəddə öz əksini tapmışdır. 1920-ci il 30 iyun tarixli bir sənəddə ermənilərin Qaraurqan, Kağızman, Ərzurum, Qars, Bayəzit, Sarıqamış və Araz ətraflarında qadın və uşaqlar da daxil olmaqla dinc əhalinin müxtəlif bədən üzvlərinin kəsilərək ayrı-ayrı şəkillərdə qətliam etdikləri, qadınlara hücum və təcavüz olunduğu, kəndlərə olunan basqınlar və əhalinin diri-diri yandırılması və s. hadisələrlə bağlı ingilis nümayəndəsinə göndərilən məlumat öz əksini tapmışdır. Həmin sənəddə Nuruşlu kəndindən 60 yaşlı Məhəmməd oğlu Əli, Hilə kəndindən 13 yaşlı Ağa oğlu İdris, İsalı kəndindən 50 yaşlarında Əziz oğlu Rüşdinin cəsədləri Rusiya sərhədləri ilə üzbə-üz İxtiyar dərəsi deyilən məhəllədə tapılmışdır. Bunlardan birincisi yalnız kəlləsindən vurulmuş, ikincisi isə silah və bıçaqla vurulmuş və qulaqları kəsilmişdi. Üçüncünün kəlləsində bir neçə silah və bıçaq yarası və bədəninin ayrı-ayrı üzvləri kəsilmiş halda tapılmışdır. 1920-ci ilin sonunda ermənilər Qars bölgəsinin Taşnik, Subatan, AniDanyalıq kəndlərindəki əhali acınacaqlı şəkildə - ağız və burunlarını kəsilərək gözləri oyularaq, gənc qız və qadınlara təcavüz edilərək erməni cəlladları tərəfindən məhv edilmiş və bütün əmlakları qəsb edilmişdir. 1920-ci il martın 6-da tərtib olunmuş sənəd XV Nizami ordu komandanlığına ünvanlanmışdır. Qarslı Məşədi Səmədin qırmızı muğla və islam komitəli möhürü olan bu məktubunda ermənilərin təkrar Zərşad qəzasına hücuma keçərək 2 min nəfərlik türk-müsəlman əhalini dəhşətli bir formada məhv etməsi açıqlanır. Həmin sənəddə: “Müsəlmanların mənəviyyatını bütünlüklə qırmaq üçün müsəlman qızlarını 12 zanqrə (araba) dolduraraq Gümrüyə götürmüş və 6 zanqrilini də Qarsda gizlədərək erməni evlərində yerləşdirilmişdi. Qarsda olan ermənilər bazar açaraq orada Zərşadın talan edilməsi zamanı qanına qəltan edilən müsəlmanların qadınlarının qiymətli əşyalarını, geyimlərini təcili satmaqdadırlar. Zarşad kəndlərindən alınan 15 min mal heyvanın ermənilər tərəfindən Qızıl Şaqşaq stansiyasına götürdüklərini və bu xəbərin müsəlmanlar üzərində böyük təsir buraxdığı” yandırıcı dillə anladılır.

Şərqi Anadoluda baş verən soyqırım hadisəsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivində də mühüm sənədlər qorunub saxlanılır. Bu sənədlərdən birində 1915-ci il 18 may tarixində Ərzurumdakı alman konsulluğundan verilən xəbərləri Almaniya Xarici İşlər Nazirliyinə çatdıran səfir Hans fon Vangenhaym Vanın ruslar tərəfindən işğal edildiyini, türklərin hərbi vəziyyətinin əlvərişsiz olduğunu, ruslarla əlbir olan ermənilərin müsəlmanları qətl etdiklərini, 80.000 müsəlmanın Bitlisə doğru qaçdıqlarını qeyd edirdi. Fövqəladə tapşırıqla İstanbulda olan Volff Metternix qraf fon Şülenburq 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər nazirliyinə Ərzincandan göndərdiyi teleqramdan “Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı büyük bir qətliam törətdərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi. Almaniyanın İstanbuldakı səfiri Richard fon Külman da Xarici İşlər nazirliyinə çatdırdığı məlumatlarında da Ərzincan və ətrafındakı erməni qüvvələrinin geniş bir müqyasda türk-müsəlman əhalini məhv etdiyini yazırdı. “Norddeutsche Allgemeine Zeitung” qəzetinin 12 fevral 1918-cı il tarixli sayında “Cənubi Qafqazda erməni qətliamları” başlıqlı yazısında rus ordusu tərəfindən boşaldılan ərazilərdə həmən erməni hərbi birləşmələrinin fəaliyyətə başladığını və bölgədəki müsəlmanlara qarşı qanlı hücumlarını artırdığını yazırdı. Bundan başqa, qəzet erməni hərbi birləşmələrinin xüsusilə, Ərzincan və ətrafında yerləşən bölgələrdə yerli türk-müsəlman əhalinin məhv edilməsini davam etdikləri vurğulayırdı. Bütövlükdə, sənədlərin təhlili göstərir ki, 1918-1920- ci illərdə ermənilərin Azərbaycanda olduğu kimi, Şərqi Anadolunun müxtəlif bölgələrində də türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı cinayətləri Böyük güc mərkəzlərinin Azərbaycan və Şərqi Anadolu torpaqları hesabına erməni dövləti yaratmaq üçün əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məqsədli siyasətinin qanlı nəticələrindən biridir.

Ədəbiyyat:

Nəcəfli G., Eyvazova N. Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımı alman arxiv sənədlərində. //“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920- ci illər)” mövzusuna həsr olunmuş III beynəlxalq elmi konfransın materialları. Bakı: “Turxan” NPB, 2016, s. 540-547
Nəcəfli G. 1918-1920- ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları (BOA-nın sənədləri əsasında). Bakı: Turxan, 2014.