AZƏRBAYCANLILARIN 31 MART SOYQIRIMI

 

AZƏRBAYCANLILARIN 31 MART SOYQIRIMI

Zəngin arxiv materiallarına əsaslanan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, Birinci dünya müharibəsinin gedişində bütün Azərbaycan torpaqlarında, o cümlədən Azərbaycanın güneyində, həmçinin Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımları həyata keçirilmişdir. Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Daşnaksütyun partiyası Bakı komitəsinin üzvü, bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünülərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci ilin 29 mayında İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat- Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilmişdir. Soyqırımları 1914-1918- ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc, silahsız türk-müsəlman əhali – Azərbaycan türkləri, ləzgilər, tatarlar, talışlar, avarlar, kürdlər və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar dini-etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilmişdir. Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan «Daşnaksütyun» partiyasının üzvü olmuşdur; Həmçinin, arxiv sənədində qeyd edildiyi kimi, Şaumyan hələ 1910-cu ildə daşnak partiyası üzvlərinin Bakıya toplanmasına və burada işə düzəldilməsinə yaxından köməklik göstərmişdir (ARPİİSSA, f.276).

1918-ci ilin mart-aprel aylarında türk-müsəlman əhaliyə qarşı soyqırım törətməsini Şaumyan hələ o zaman özü etiraf etmişdi. 1918-ci il mart soyqırımından sonra o, Sovet Rusiyası hökumətinə hesabat verərək qeyd etmişdi ki, Bakı Sovetinin hərbi qüvvələrinə daşnak partiyasının 4 minlik hərbi hissələri cəlb edildi və bu amil milli qırğına gətirib çıxartdı. Şaumyan daha sonra yazırdı: “Biz buna şüurlu şəkildə getdik”, çünki türk-müsəlman siyasi qüvvələr “Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər” (Шаумян С.Г. Избранные произведения. М.,1978, т.2, c. 246.). Beləliklə, əslində Şaumyanın təkcə bu etirafı 1918-ci ildə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirmiş daşnak quldurlarının son məqsədlərinin nədən ibarət olduğunu çox aydın sübut edir. Şamaxıda türk-müsəlman əhaliyə qarşı divan tutmuş Stepan Lalayan (Lalayev)Tatevos Əmiryan (Əmirov) bilavasitə Şaumyanın tapşırığını həyata keçirmişlər. Qubada soyqırımı həyata keçirmiş daşnak cəlladı Hamazasp Srvantsyan da bilavasitə Şaumyanın göstərişinə əməl etmişdir. Hətta Quba qırğınları zamanı Hamazasp tutduğu vəhşiliklərdən lovğalanaraq açıqca etiraf edirdi: «Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçisiyəm… Mənə dəniz (Xəzər dənizi) sahillərindən Şah dağına qədər bütün müsəlmanları məhv etmək və sizin yaşadığınız yerləri, Şirvanda olduğu kimi, yerlə-yeksan etmək əmri verilmişdir…» (ARDA, f. 1061). Türk-müsəlman soyqırımının təşkili və icrasında Anastas Mikoyan, Qriqori Korqanov (Korqanyan) və başqa daşnak cəlladları da iştirak etmişdir. Dünya tarixində 1914-1918- ci illərdə ermənilərin törətdikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları (hətta ana bətnindəki körpələri belə!), qadınları və qocaları amansızcasına, namusu və heysiyyatı alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktına təsadüf olunmur.

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov 1918-ci il soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlarla bağlı “Fövqəladə Təhqiqat Komissiyası”nın sənədlərinə istinadən son illərdə apardığı tədqiqatların nəticələrini elan edərək bildirib ki, "erməni-bolşevik birləşmələri tərəfindən 1918-ci ildə törədilən soyqırımlar zamanı 263 mindən çox azərbaycanlı bu soyqırımların qurbanı olmuş, Azərbaycana dəyən maddi zərərin həcmi isə 1918-ci il qiymətləri ilə 11 milyard rubl olmuşdur ki, bu məbləğin də indiki dövrdə diskont əmsalı 495 milyard dollar təşkil edir".

Ədəbiyyat:

Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. Elmi redaktor və  Ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s, s. 5-18