AZƏRBAYCANIN DİPLOMATİYA TARİXİ

Beynəlxalq münasibətlər və diplomatiya bir-birilə sıx əlaqədədir. Müvafiq ədəbiyyatda «diplomatiya» və «diplomatiya tarixi» anlayışları haqqında geniş bəhs edilib. Aydındır ki, diplomatiya tarixinin predmeti diplomatiya ilə müəyyən olunur. Lakin, diplomatiyaya dair çoxsaylı ədəbiyyatda, hələlik, hamı tərəfindən qəbul edilən vahid tərif yoxdur. Ona görə də bu qəbildən olan ədəbiyyatda diplomatiyanın tərifinin müəyyənləşdirilməsi xüsusi başlıq kimi ayrılır. Tanınmış diplomat və alim V.İ.Popov da «Müasir diplomatiya: nəzəriyyə və təcrübə» kitabında belə bir başlıq ayırıb: «Diplomatiyanın tərifi». Müəllif yazır ki, cavab veriləsi ilk sual Diplomatiya nədir? - ədəbiyyatda xeyli mübahisə yaratmışdır. Bu mübahisələrin üzərində dayanmadan qeyd edək ki, diplomatiya «diplom» (yunan dilində diploma – ikiqat yığılmış sənədlər deməkdir) sözündəndir. Diplomatiya və diplomatik anlayışları isə XVII əsrdə tətbiq edilib. İngiltərədə ilk dəfə 1645-ci ildə «diplomatiya» anlayışından istifadə olunub, məşhur alim Q.V.Leybnitsin (1646-1716) diplomatik hüquq külliyyatından (1693) sonra diplomatik anlayışı dövriyyəyə daxil edilib. Lakin «diplomatiya» anlayışı müasir anlamda ilk dəfə fransız diplomatı Fransua Kalyerin 1716-cı ildə çap olunmuş kitabında («Hökmdarlarla danışıqlar aparılmasının üsulları») istifadə edilib. V.Popova görə, bu kitabın meydana çıxmasından sonra diplomatiyaya nəzəri yanaşma və yüksək əxlaqi prinsiplərə əsaslanan elm və sənət kimi baxılır. Diplomatiya və diplomatik fəaliyyətin genişlənməsi bu sahədə elmi-təcrübi fəaliyyəti də canlandırır.

Qeyd edildiyi kimi diplomatiyanın hamı tərəfindən qəbul edilən vahid tərifi yoxdur. Hətta, vaxtilə SSRİ Xarici İşlər Nazirliyi tərəfindən buraxılan Diplomatiya lüğətinin müxtəlif nəşrlərində eyni anlayış müəyyən qədər fərqli verilmişdir. Bununla birgə diplomatiyanın əsas məzmunu və mahiyyəti üzrə mövqelər eynidir. Diplomatiya beynəlxalq münasibətlər elmi, dövlətlərin xarici siyasəti qarşısında duran məqsəd və vəzifələri dinc yol ilə həyata keçirən danışıqlar sənətidir. Buradan beynəlxalq münasibətlər və diplomatiya arasındakı mühüm əlaqə ortaya çıxır. Ədəbiyyatlardan birində göstərildiyi kimi diplomatiya çox vaxt və səhvən beynəlxalq münasibətlərlə eyniləşdirilir. Əslində diplomatiya özlüyündə bu münasibətlər üzərində «üstqurum», onların «formalizə olunmuş kvintessensiyasıdır (cövhəridir)».

Beynəlxalq münasibətlər və diplomatik fəaliyyət zəngin tarixi irs yaradıb. Bu sahədə xeyli nəşrlər vardır.

Azərbaycanda beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsi digər ölkələrdən fərqli inkişaf yolu keçib. Bu sahədə müəyyən işlər görülməsinə baxmayaraq, tədqiqatlar uzun dövr ərzində əvvəla, kompleks xarakterdə olmayıb; ikinci, Azərbaycan - Rusiya münasibətlərinə həlledici rol ayrılmaqla başqa süjetlər məhdudlaşdırılıb və s.

SSRİ-nin dağılması və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra vəziyyət dəyişdi. Mütstəqil dövlət kimi Azərbaycan Respublikasının beynəlxalq münasibətləri və diplomatik əlaqələri genişləndi. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu, dövlətin mənafeyini tam əks etdirən xarici siyasət konsepsiyası hazırlandı. Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi daha da möhkəmlənib, güclü diplomatik xidmət formalaşdırılıb. İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində (2008-ci il 7 iyul) demişdir: "Bu müşavirələr artıq ənənəvi xarakter daşıyır və hamımız yaxşı bilirik ki, müşavirələrin çox gözəl nəticələri olur... Təbii ki, bizim xarici siyasətimiz çox açıqdır, aydındır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atdığımız addımlar bütün ictimaiyyət üçün aydındır. Amma eyni zamanda, müəyyən mərhələlərdə daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir". Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal rolu və diplomatik əlaqələri problemin tarixinə də marağı genişləndirdi. Artıq bu sahə xüsusi tədqiqat istiqaməti kimi hərtərəfli inkişaf etməkdədir.

Azərbaycanın beynəlxalq münasibətləri və diplomatiya tarixinin intensiv tədqiqi ilə müqayisədə onun sənəd və materiallardan ibarət bazasının yaradılması nisbətən geridə qalır. Bu boşluğu aradan qaldırmaq məqsədilə xeyli müddətdən bəri aparılan məqsədyönlü iş sahəsində əldə edilmiş sənəd və materialların bir hissəsi çap olunur.

Məlumdur ki, dövlətlərarası müqavilələr həm diplomatiyada, həm beynəlxalq münasibətlər tarixində, həm də beynəlxalq hüquqda öyrənilir. Bu Azərbaycanda da belədir. Lakin dövlətlərarası müqavilələr Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Bu da təsadüfi deyil. Belə ki, yalnız dövlətlərarası müqavilələr beynəlxalq münasibətlər və Azərbaycanın diplomatiya tarixini ardıcıl və sənədli şəkildə ortaya çıxarmağa imkan verir. Bu sahənin tarixinin rekonstruksiyasının bilavasitə bu sənədlər əsasında həyata keçirilməsi daha real görünür. Dövlətlərarası müqavilələrin istər Azərbaycan, istərsə də digər dövlətlərin xarici siyasətinin fundamental sənədlərilə birlikdə nəzərdən keçirilməsi də qeyd edilməlidir.