DƏRBƏND ŞƏHƏRİ
Dərbənd Azərbaycanın ən qədim şəhərlərindən biridir. Dərbənd şəhəri və onunla qonşu olan ərazilər Azərbaycan Albaniyasında ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Bunu çoxsaylı ilk mənbələr və tədqiqat əsərləri birmənalı şəkildə təsdiq edir. Eradan əvvəl I minilliyin II yarısında və bizim eranın əvvəllərində Azərbaycan Albaniya dövləti oturaq əkinçilik-maldarlıq təsərrüfatının kifayət dərəcədə inkişaf etdiyi bir ölkə idi. Paytaxtı Qəbələ şəhəri olan Albaniyanın öz hökmdarları, qoşunu, zərbxanası var idi. Bütün bunlar Albaniyada şəhərlərin və şəhər həyatının, o cümlədən Dərbənd şəhərinin meydana gəlməsinə və inkişafına səbəb¬¬¬ olmuşdur. Şəhərlərin meydana gəlməsi ibtidai icma qurluşunun tamamilə dağılması demək idi. Şəhərlər həm də dövlətin yaranması ilə bir vaxtda meydana gəlir. Ticarət yollarının üstündə yerləşən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş alban yaşayış məskənlərinin tədricən şəhərlərə çevrilməsi prosesi eradan əvvəl I minilliyin II yarısının əvvəlinə aid edilir. Qədim dövrün başqa şəhərləri kimi Azərbaycan Albaniyasının şəhərləri, o cümlədən Dərbənd şəhəri də onları əhatə edən əkinçi icmaları ilə ən sıx şəkildə bağlı idi.

Müasir Azərbaycan Respublikası və Dağıstan ərazisilərində arxeoloji qazıntılar zamanı arxeoloqlar tərəfindən antik dövrə aid şəhər tipli məskənlər aşkara çıxarılmışdır. Bu məskənlər içərisində Dərbənd şəhəri və onun ətrafında yerləşən ərazilərin də adları da vardır.

Şimali Azərbaycanın Xəzərsahili ərazisində yerləşən bu şəhər ən qədim zamanlardan başlayaraq cənuba, Ön Asiyaya istiqamətlənən müxtəlif tayfalar üçün körpü rolunu oynamışdır. Dərbəndin cənubunda yerləşən Torpaqqala haqqında ilk məlumatı bizim eranın II əsrində yaşamış Ptolemey verir və onu Albana adı ilə təqdim edir. Başqa antik müəlliflər isə bu şəhəri qədim Çoranın (Çolanın) qalıqları hesab edirlər. Ancaq bütün bunlara baxmayaraq Dərbənd şəhəri Azərbaycanın şimalında əsası qoyulan ilk şəhər hesab olunur.

Bizim eranın ilk əsrlərində və hətta bundan da əvvəl müasir Dağıstan ərazisinə sarmat-massaget–alan tayfalarının müdaxiləsini bu ərazilərdə aşkar edilmiş arxeoloji abidələr təsdiq edir. Bu tayfalar Dərbənd keçidi vasitəsi ilə Azərbaycanın Xəzərsahili vilayətlərinə daxil olaraq digər ərazilərə də yayılmışdılar. Xəzərin qərb sahillərində məskunlaşmış massagetlər haqqında məlumatları antik müəlliflər də təsdiq edirlər. Abşeron yarımadasındakı Maştağa kəndinin adı «massagetlər» kimi izah edilir. Maskut və Maskat xoronimləri də massagetlərin adından götürülmüşdür və görünür Dərbəndən cənubda yerləşən Çora (Çola) keçidinin adını da skif-sarmat dil materiallarının köməyi ilə izah etmək olar. Bütün bu proseslərdə Dərbənd şəhəri bir növ siyasi-inzibati, iqtisadi və mədəni mərkəz rolunu oynayırdı.

Erkən orta əsrlərdə Albaniyanın beynəlxalq tranzit-ticarət yolları üzərində yerləşən ən məşhur şəhərlərindən biri olan Dərbənd yalnız albanların baş qalası, Sasanilərin Qafqazdakı istinadgahı kimi deyil, həm də mühüm orta əsr şəhəri, ən iri ticarət-sənətkarlıq və siyasi mərkəzlərindən biri kimi tanınmışdı. VI əsrdə bu şəhər mütəşəkkil daxili struktura, dürüst seçilmiş topoqrafiyaya malik şəhər kimi məhşur idi. M.Kalankatuklunun «Alban tarixi» əsərində Dərbənd «Əzəmətli şəhər» adlandırılır və onun küçə və meydanlar sistemini əhatə edən daxili planının olduğu qeyd edilir.

Dərbənd şəhəri bir şəhər kimi əvvəla Alban hökmdarları və Sasani şahlarının hərbi siyasi dayağı və strateji məntəqəsi kimi formalaşmış, sonradan isə inkişaf edərək sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdir.

Ticarət-sənətkarlıq mərkəzi kimi Dərbəndin əsas sənətkarlıq sahəsi qədimdən burada mövcud olmuş və sonralar daha da inkişaf etmiş toxuculuq idi. Dərbəndin arxeoloji təbəqələrində çoxlu silah, şeypur, metal məmulatlar, zindan, çəkic, mis və dəmir filizi qalıqlarının tapılması burada metal emalı və metallurgiyanın inkişafını təsdiq edir. Şüşə əşyalarının çoxluğu, onların özünəməxsusluğu və geniş rəngarəngliyi Dərbənddə şüşə istehsalının yüksək inkişafından danışmağa imkan verir.

Dulusçuluq burada çox yüksək inkişaf səviyyəsinə çatmışdı. Çox müxtəlif təyinatlı xeyli qab-qacaq, çoxlu saxsı su borusu, bişmiş kərpic, kirəmit, soba qalıqları, qab-qacaq bişirmək üçün vəsait və s. şəhərin yüksək inkişaf etmiş dulusçuluq istehsalından xəbər verir. Bu dövrdə Dərbənd həm də mühüm beynəlxalq ticarət mərkəzinə çevrilir və bu zaman o daha çox Xəzəryanı ticarət yolunun ən böyük tranzit məntəqəsi rolunu oynamağa başlayır.

Şəhər ərazisinin sahəsinə (160 hektara yaxın) görə Dərbənd Ön Asiya, Cənubi Qafqaz və Orta Asiyanın bir çox ən iri erkən orta əsr şəhərlərini geridə qoyurdu. Arxeoloji məlumatlara görə, dənizkənarı rayon hesaba alınmamaqla, şəhərin məskunlaşmış ərazisinin ümumi sahəsi 26-30 hektara çatırdı ki, bu da şəhərin divarlarla əhatə olunmuş sahəsinin 1/6 hissəsini təşkil edirdi. Quruluş baxımından Dərbənd aydın şəkildə iki tərkib hissəyə ayrılır: içqala və şəhərin özü. Indi Narınqala adlanan Içqala şəhərin həyatında xüsusi yer tuturdu. Şəhərin bu hissəsi şəhər hakiminin iqamətgahı, onun sarayı və qarnizonun yerləşdiyi yer, inzibati, hərbi-siyasi və mədəni mərkəz idi. 2,5-3,5 metr qalınlıqda, ayrı-ayrı sahələrdə hündürlüyü 20-25 metrə çatan möhtəşəm divarlar onu alınmaz qalaya çevirirdi. İlkin orta əsrlər Dərbəndi şəhər strukturunun bir hissəsi olan rabata (bayır şəhərə) malik deyildi. Beləliklə, divarlarla əhatə olunmuş çox böyük ərazi şəhərə kifayət qədər böyük sahədə genişlənmək və inkişaf etmək imkanı verirdi.

Şəhərin sosial strukturuna gəldikdə isə, qeyd etmək lazımdır ki, Narınqalada alban hökmdarları, sonralar isə Sasanilər tərəfindən təyin edilən şəhər hakimi otururdu. Sasani şahlığının Dərbənddəki canişini V əsrdə «mərzban» titulu daşıyırdı. VI əsrdə Dərbənd şəhəri ətrafında salınan istehkamlar Sasani hökmdarı I Qubad (488-531) və onun oğlu I Xosrov Ənuşirəvan [531-579] tərəfindən şimaldan gözlənilən hücumların qarşısını almaq məqsədilə tikilmişdir.

İndiyə qədər Dərbənd şəhərinin qala divarlarında 18 yazılı daş üzərində yazılar aşkar edilmişdir. Yazıların əksəriyyəti Azərbaycanın maliyyə nəzarətçisi Barznişin adından tərtib edilmişdir: («Barzniş, Adurbadaqanın amarqari (nəzarətçisi)»). Bu şəhər əvvəlcə Sasani İranının, sonralar isə Ərəb xilafətinin şimal sərhədlərində uzun müddət güclü bir istehkama çevrilir (bax: Z.Bünyadov, Azərbaycan VII-IX əsrlərdə», Bakı: 2004, s. 42-43). Şəhər Alban hökmdarı Cavanşirin dövründə də Şimal sərhəd məntəqəsi kimi fəaliyyət göstərirdi. Ərəblər dövründə Dərbənd aramsız davam edən ərəb-xəzər müharibələrinin təsirinə məruz qalır. Eyni zamanda, Dərbənd Xilafətin tərkibinə daxil olan Azərbaycanın mühüm şəhərlərindən biri idi. Şəhər əyanlarından ibarət hakim siniflə xırda alverçi və sənətkarlar arasındakı təbəqəni təşkil edən döyüşçülər şəhər cəmiyyətinin strukturunda xüsusi yer tuturdular. Sasanilər sərhədlərin mühafizəsi üçün Dərbənddə hərbi kolonistləri (məskunları) yerləşdirərək, onlara ikta torpaq payı paylayırdılar.

Dərbənd yaxınlığındakı keçid daha çox möhkəmləndirilmiş məntəqə idi. Qədim şəhər iki güclü qala divarları arasına alınmışdı. Bu divarlar dənizin içərisinə doğru xeyli uzanmış, dənizin bu yerində süni liman yaratmışdı. Qala divarları əks tərəfdə sərt və keçilməz dağlara dirənirdi. Yuxarı istiqamətlənmiş, açıq, geniş pillələri olan, çoxlu qüllələrlə təchiz edilmiş Dərbənd qala divarlarının orta qalınlığı 4 metrədək, hündürlüyü 20 metr idi və dişli məhəccərlə müdafiə olunmuşdu.

Dərbəndin ərəb işğalı ərəfəsində tikildiyi ehtimal olunan çoxsaylı qədim tikililəri içərisində hamamların qalıqlarını və qayalıqda oyulmuş, dörd çatma tağa dayaqlanan, günbəzli, iri hovuzu qeyd etmək lazımdır. Plan baxımından böyük bazilikal bina olan, sonralar yenidən qurularaq məscidə çevrilmiş abidənin daha qədim hissələri həmin dövrə aiddir.

Dərbənd şəhəri həm də Azərbaycanın VII əsrdə yaşamış tarixi şəxsiyyəti Dədə Qorqudun vətəni hesab olunur və onun qəbri də bu şəhərdədir.

Xilafətin Şimal ölkələri ilə ticarət mübadiləsində əhəmiyyətli mövqe tutan «Qapılar qapısı» Bab əl-Əbvab-Dərbənd Albaniyanın ikinci böyük şəhəri idi. Ərəb xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, onun azad şəhər statusunu saxladılar. Şəhəri əmirlər və ya rəislər şurası idarə etməyə başladı. Hələ 736-cı ildə xəlifə Hişamın dövründə Əsəd Zafir başda olmaqla Dərbəndə göndərilmiş 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu. Şəhərin idarəçiliyinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafizəsini təşkil etməli, qanun-qayda və təmizliyi gözləməli oldu. Dərbənd qalasında, eləcə də digər sərhəd qalalarında yerləşdirilmiş hərbi hissələr xidmət müqabilində, xəzinədən maaş almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı bölgənin «kafir» düşmənlə üz-üzə qalan döyüşçü-qazi əhalisinə vəqf payı kimi bütöv vilayətlərlə yanaşı, Abşeronun neft və duz yataqlarından əldə olunan gəlirlər verilirdi. Xəlifə Harun ər-Rəşid dövründə şəhərlilərin rifahını yaxşılaşdırmaq üçün Dərbəndə Rubas çayından bir neçə kanal çəkildi, burada bağ və bostanlar salındı, dəyirmanlar tikildi.

Xilafətin şimal hüdudlarında sərhəd qalası olan Dərbənd Xəzər dəni¬zinin ən mühüm limanı idi. Şəhər dənizin içərilərinə doğru uzanan Daş hasarla əhatə edilmişdi. Bu şəhərdə olmuş əl-İstəxri və İbn Hövqəlin məlumatına görə «Bab əl-Əbvab sahil şəhəridir. Ortasında gəmilərin yan alması üçün körpü var. Kör¬pü ilə dəniz arasında hər iki yandan Qoşa divar çəkilmişdir. Belə ki, gəmi¬lərin giriş yolu dar və çox girintili-çıxıntılıdır. Giriş…zəncirlənmişdir…heç bir gəmi icazəsiz buraya nə daxil olur, nə də çıxır».

VIII-IX əsrlərdə genişlənmiş ticarət Xilafət xəzinəsinə xeyli gəlir və mənfəət gətiridi. Buna görə də Dərbəndin hakim dairələri ehtiyatı əldən vermədən Xilafətin yalnız hərbi-strateji deyil, ticarət mənafelərinin də keşiyində dururdular. «Dərbəndnamə»dəki məlumata görə, ehtiyatlı dərbəndlilər şəhərin müdafiə sisteminin quruluşunu gizlətmək məqsədilə Xəzər xaqanının Dərbəndə göndərdiyi elçilərinin gözlərini bağlamışdılar.

Ticarət məqsədilə Dərbəndə gələn yadellilərdən hələ xəlifə Ömər ibn əl-Xəttabın fərmanında nəzərdə tutulmuş gömrük alınırdı. Bu fərmana görə torpaqlarmıza qədəm basan yadelli tacirlərdən, başqa ölkələrdə müsəlmanlardan alınan gömrük haqqı məbləğində, 10 faiz haqq alınırdı. Zimmi (müsəlman olmayan yerli) tacirlərdən malının dəyərinin beşdə birini, müsəlman tacirlərdən isə ümumi dəyəri 200 dirhəmə bərabər olan malına görə 5 dirhəm, yerdə qalan hər 40 dirhəmlik malına görə 1 dirhəm gömrük haqqı alınır. «Dərbəndnamə»nin məlumatına görə, xəzərlərin ölkəsində ticarət etmək arzusunda olan hər hansı bir Dərbənd sakini apardığı malın onda biri dəyərində haqq ödəməli, ya da alveri atmalı idi. İdxal olunan malların, eləcə də qulların, mal-qaranın və hər cür başqa şeylərin üzərinə qoyulan bu gömrük haqqları Xilafət xəzinəsində hər il 100 mindən 1 milyon dirhəmədək gəlir gətirirdi.

Dərbənd tacirlərinin alverində yerli istehsal məhsulları (kətandan hazırlanmış üst paltarları, zəfəran, qırmızı bayraq və s.) xüsusi yer tuturdu. Yerli tacirlər şəhərdə istehsal olunan məhsullarla yanaşı, «kafirlərin ölkələrindən» gətirilən qulların satışından da xeyli mənfəət götürürdülər. Şimali Qafqazın bütün xammalı da (qoyun sürüləri, dəri və s.) Dərbənddən keçirdi.

IX əsrin sonları-X əsrin əvvəllərində Xilafətin zəifləməsi nəticəsində gedən müstəqillik uğrunda mübarizə zəminində yaranmış Şirvanşah Məzyədilər dövləti Dərbənd şəhərini də öz nüfuz dairəsində saxlayırdı. Bununla yanaşı, Dərbənddə müəyyən müddət Dərbənd əmirliyi fəaliyyət göstərmişdir.

Dərbənd şəhəri XIII əsrin ilk rübündə daha mürəkkəb, çətin, keşməkeşli vəziyyətə düşmüşdü. Buna səbəb şəhərə olunan xarici həmlələr və daxili feodal qarşıdurmaları idi. 1220-1222-ci illərdə baş vermiş ilk monqol yürüşü Dərbənddən yan ötmədi. Azərbaycanın cənubundan ölkəyə soxulan monqol qoşunları, Cəbə və Subutayın başçılığı ilə şimala doğru irəlilədilər. Beyləqan, Şamaxı və s. şəhərlər dağıdıldı. Dərbəndə yaxınlaşan monqollar şəhəri tutmağa cəhd göstərsələr də, buna nail ola bilmədilər. Dərbəndin Azərbaycan-türk qoşunları tərəfindən möhkəm müdafiə olunduğunu görən monqol sərkərdələri hiyləyə əl atdılar: onlar Şirvan hökmdarının yanına elçi göndərib onunla sülh bağlamaq istədiklərini bildirdilər. Buna inanan Şirvanşah 10 nəfərlik nümayəndə heyəti göndərdi. Monqol sərkərdələri onlardan birinin boynunu vurdular və qalanlarını məcbur etdilər ki, monqol qoşun hissələrini gizli yollarla şəhərdən şimala keçirsinlər. Həmin vasitə ilə Dərbənddən yan ötən düşmən qüvvələri Azərbaycan ərazisini tərk etdilər. Bu işdə Dərbəndin möhtəşəm keçilməz qala olması əsas rol oynamışdı.

Monqollar Azərbaycanı tərk etdikdən sonra da Dərbənd diqqət mərkəzində qalır. Şəhər qıpçaqların və monqol hücumlarından canını qurtaran Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin həmlələrinə məruz qalır və bir müddət sonuncunun nüfuz dairəsində olur. Dərbənd XIII əsrin 30-cu illərində yenidən Azərbaycana soxulan monqollara qarşı mübarizə aparmalı olur. Lakin, 1239-cu ildə monqollar Dərbənd şəhərini tuturlar və bununla da Azərbaycanın işğalı başa çatır. Şəhər əvvəlcə monqol canişinləri tərəfindən idarə eidilir, 1256-cı ildən isə Hülakular (Elxanimlər) dövlətinin (1256-1357) və daha sonra Cəlairilər dövlətinin (1359-1410) tərkibində qalır. Monqol ağalığı dövründə Dərbənd sərhəd şəhəri kimi fəaliyyətdə olmuş və iki monqol ulusu-dövləti olan Hülakularla Qızılordalılar arasında gedən aramsız müharibələr meydanına çevrilmişdir.

Dərbəndin XIV əsrin sonu-XV əsrin əvvəllərindəki tarixi daha gərgin hadisələrlə zəngindir. Şəhər bu dövrdə Teymur və Toxtamış kimi fatehlərin hücumlarına məruz qalır. 1382-ci ildə Şirvanşahlar dövlətində hakimiyyətə başlayan I Şeyx İbrahim Dərbəndinin uzaqgörən siyasəti nəticəsində şəhər Teymur imperiyasının buradakı sərhəd məntəqəsi kimi təmir olundu, möhkəmləndirildi, şəhərdə şimaldan baş verən hücumlara qarşı mübarizə üçün əməli tədbirlər görüldü. XV əsrdə də Dərbənd özünün sərhəd şəhəri mövqeyini qoruyub saxladı. Həmin dövrdə Səfəvi şeyxlərinin Şirvana, o cümlədən Dərbəndə yürüşləri baş verdi və nəhayət, 1538-ci Şirvanşahlar dövlətinin süqutu ilə Dərbənd Səfəvilər dövlətinin tərkibinə daxil edildi. 1561-1563-cü illərdə ingilislərin «Moskva» ticarət şirkətinin fəal üzvü kimi Azərbaycanda olmuş «diplomat» və tacir Antoni Cenkinsonun tərtib etdiyi «Gündəlik»də Dərbəndin «perspektiv ticarət əməliyyatlarının başlıca tranzit məntəqəsi olduğu qeyd edilirdi. Bu dövrün digər qaynaqlarında da Dərbənd əzəmətli «Səfəvi dövlətinin başlıca şəhərlərindən biri kimi» (O.Əfəndiyev «Azərbaycan Səfəvilər dövləti». Bakı, 1993, s. 212) qeyd olunur.

Dərbənd tarixinin diqqəti cəlb edən səhifələrindən biri Səfəvi-Osmanlı müharibələri dövrünə təsadüf edir. 1578-ci ildə Azərbaycana hücum edən osmanlılar 12 ilə qədər davam edən müharibədən sonra ölkənin bir çox şimal şəhərlərini, o cümlədən, Dərbəndi tuturlar və zəbt etdikləri ərazilərdə yeni inzibati bölgü aparırlar: Şamaxı və Dərbənd bəylərbəylikləri yaradılır. Dərbənd bəylərbəyliyinin tərkibinə Dərbənd (Dəmirqapı), Şabran, Axtı, Quba, Müşkür, Kürə, Çıraq və Rustov sancaqları daxil edilir. Dərbənd Osmanlı sərdarının iqamətgahına çevrilir. Lakin, XVII əsrdə I Şah Abbasın [1587-1629] həyata keçirdiyi hərbi-siyasi tədbirlər nəticəsində Dərbənd yenidən Səfəvilər dövlətinin tərkibinə qatılır və əsrin sonlarına kimi bu vəziyyətdə qalır.

XVII əsrdə (əsrin 30-cu illərində) Dərbənddə olmuş alman səyyahı Adam Olearinin, Osmanlı diplomatı Övliya Çələbinin məlumatları bu baxımdan xüsusilə dəyərlidir. Adam Olearinin Dədə Qorqudun qəbrinin Dərbənddə olduğuna dair məlumatları xüsusilə maraqlıdır.

Dövlət müstəqilliyini bərpa etmək istəyən Şirvan əyanları zaman-zaman Səfəvi hakimiyyətinə qarşı çıxır, Osmanlı hərbi-siyasi yardımına, müdaxiləsinə arxalanırdılar. 1607-ci ildə Səfəvi Şahı I Abbas Dərbəndi osmanlılardan geri aldı. O, yerli əhalini dövlət vergilərindən azad etdi. XVIII əsr boyunca şəhər yenidən Osmanlı-Səfəvi müharibələrinin obyektlərindən birinə çevrildi.

XVIII əsrin I yarısında Azərbaycan Səfəvilər dövlətinin, 1747-ci ildə isə Azərbaycan Əfşarlar imperiyasının süqutu, Azərbaycan ərazilərində bir çox xanlıqların, o cümlədən Dərbənd xanlığının yaranmasına səbəb oldu. Xanlığın banisi Məhəmmədhəsən xanın atası İbrahimqulu bəy 1722-ci ilə kimi Dərbənddəki şah qarnizonunun rəisi olmuş və ruslar Dərbəndi zəbt edərkən çar I Pyotr tərəfindən Dərbəndin hakimi təyin olunmuşdu. Xanlıqda iki mahal var idi: Dərbənd və Ulus. 1735-ci ildə Gəncə müqaviləsinin imzalanmasından sonra Rusiya qoşunları tamamilə Azərbaycanı tərk edir və Dərbənd şəhəri də Nadir şah Əfşarın imperiyasının tərkibinə qaytarılır. Nadir şahın ölümündən sonra isə Dərbənd şəhəri Quba xanlığının tabeliyinə keçir.

1759-cu ildə Qubalı Fətəli xan Dərbəndi özünə tabe etdikdən Məhəmmədhəsən xanı həbs edərək Bakıya göndərdi. Qubalı Fətəli xan Dərbəndi xanlığın paytaxtına çevirdi. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsənağanı Dərbəndin hakimi təyin etdi.

1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi. Doğrudur, sonralar Həsən xan Dərbəndin idarəçiliyini ələ keçirmiş və 1803-cü ildə qədər Dərbənd xanı olmuşdu. Həmin müddətdən sonra Dərbənd yenidən Quba xanlığının tərkibinə qapılmışdır.

1806-cı il iyunun 21-də Dərbənd rus qoşunları tərəfindən işğal edilmiş və şəhər Rusiya imperiyasının tərkibinə daxil edilmişdir.

Hələ XIX əsrin əvvəllərində, yəni 1810-cu ildə Dərbəndin şəhər əhalisinin (4169 nəfər) 95 faizini -3947 nəfərini) şiə məhzəbinə məxsus olan müsəlmanlar, əsasən - Azərbaycan türkləri təşkil edirdi. 1824-cü ildə şəhərdə müsəlmanların sayı 10377 nəfərə çatmışdı (əhalinin 93,8%). 1851-ci ildə onların xüsusi çəkisi 90%-ə bərabər idi. 1859-cu ildə Dərbənd şəhərində 13470 nəfər, 1893-cü ildə 15265 nəfər, 1897-ci ildə isə 14649 nəfər əhali yaşayırdı. 1897-ci ildə Azərbaycan türklərinin xüsusi çəkisi 66,7% (cəmi 9767 nəfər) təşkil edirdi.

XIX əsrin sonunda Dərbənd şəhərində olan 11 məhəllədən 9-u azərbaycanlı məhəlləsi idi:

Dərbənd şəhərində olan məhəllələr aşağıdakılar idi:

I. Məhəllə – Cartəpə (Cahartəpə)

II. ---- Mikri - (tayfa adı)

III. --- Bayat ucarı

IV. ---- Genküçə

V. --- Peyinlikbaşı

VI. -- Bazar və ya Xanküçə

VII. -- Ortatəpə

VIII. --- Bayatqapı

IX. --- Carçı

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Dərbənd şəhəri Dağlılar Respublikasının tərkibində qaldı. 1919-cu ilin yazında Petrovsk (indiki Mahaçqala) şəhərini işğal edən Denikin ordusu cənuba doğru hərəkət etməyə başladı. Buradan sonra Dağlılar Respublikasının parlamenti və hökuməti özünü buraxmağa məcbur oldu. Azərbaycanla Sovet Rusiyası arasında bufer dövlət rolunu oynayan Dağlılar Respublikasının süqutu və denikinçilər tərəfindən Dərbəndin tutulması ingilis komandanlığının Azərbaycanda Denikin ordusu arasında qoyduğu demokrasiya xəttinin birbaşa pozulması demək idi.

1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Şimali Azərbaycan işğal edildi və bütün bunlara baxmayaraq onun tarixi və qədim şəhəri olan Dərbənd də keçmiş Çar Rusiyasın əvvəlki sərhədlərində yeni yaradılmış Sovet imperiyasının tərkibinə daxil edildi.

1941-1945-ci illər müharibəsi zamanı alman faşizminə qarşı mübarizədə çox mühüm hərbi-strateji rol oynayan Azərbaycanla ön cəbhə xətti arasında körpü rolunu Dərbənd şəhəri oynayırdı. 1942-1948-ci illərdə Dağıstan MR Partiya Komitəsinin birinci katibi işləyən Azərbaycanın görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyev müharibənin ən ağır illərində Dərbənd rayonunda yaşayan azərbaycanlılarla bərabər, Dağıstan MR-da yaşayan digər xalqları da Sovet imperiyasının əl ata biləcəyi ən ağır cinayətdən-öz etnik və tarixi torpaqlarından deportasiya olunmaq təhlükəsindən xilas etdi.

Sovet imperiyası süqut etdikdən sonra Rusiya Federasiyası tərkibində müttəfiq respublika statusu alan Dağıstanın ikinci ən böyük şəhəri yenə də Dərbənd şəhəri hesab olunur. 2002-ci ildə aparılan siyahıyaalınmaya görə bu respublikada 36 millət yaşayır və onlar içərisində azərbaycanlılar 117 min nəfər təşkil edir.

Müasir dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında çox sıx iqtisadi, siyasi və mədəni əlaqələr mövcuddur. 2008-ci ilin birinci yarısında Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin Azərbaycan Respublikasına səfəri və prezident İlham Əliyevlə görüşü iki ölkə arasında mövcud münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə səbəb olmuşdur. Bu günlərdə Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin ölkəmizə yeni səfəri və Azərbaycan prezidenti İlham Əliyevin onunla apardığı danışıqlar iki ölkənin qardaş xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafında yeni mərhələ olacaqdır.

Ədəbiyyat.

1. Azərbaycan tarixi I cild. Bakı, 1998, səh. 375.

2. Azərbaycan tarixi II cild. Bakı, 1998, səh. 49-51.

3. Azərbaycan tarixi III cild. Bakı, 1999, səh. 71-116, 181.

4. Azərbaycan tarixi IV cild. Bakı, 2000, səh. 27.

5. Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 2004, səh. 42-43.

6. O.Ə.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993, s.212.

7. T.M.Məmmədov. Албания и Атропатена по древнеримским источ¬ никам. Баку, Элм, 1977, с. 33.

8. T.М.Мамедов. Кавказская Албания (IV-VIII вв.). Баку, «Маариф», 1993, с.70-72.

9. T.M.Məmmədov. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, «Təhsil», 2006, s.139-143.