Zülfəli İmaməli oğlu İbrahimov
(25.12.1910–21.09.1972)
AEA-nın müxbir üzvü Z.İ.İbrahimov 1910-cu il dekabrın 25-də anadan olmuşdur. 1932-ci ildə Moskva Ümumittifaq Jurnalistlər İnstitutuna göndərilmiş və 1935-ci ildə həmin institutu bitirdikdən sonra Bakıya qayıtmışdır.

Z.İ.İbrahimov 1941-ci ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1950-ci ildə professor elmi adı almış, 1959-cu ildə isə AEA-nın müxbir üzvü seçilmişdir.

O, 1960–1967-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Z.İ.İbrahimov 300-ə qədər monoqrafiya və elmi məqalələrin müəllifidir. O, elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan xalqının tarixi keçmişinin mühüm problemlərinin tədqiqinə həsr etmişdir. Elmi fəaliyyətinin sonrakı mərhələsində isə «İngilis-amerikan müdaxiləçilərinə qarşı Azərbaycan xalqının mübarizəsi», «Azərbaycanda 1905–1907-ci illər inqilabı», «Azərbaycan zəhmətkeşlərinin sosialist inqilabi uğrunda mübarizəsi» və s. əsərlərini nəşr etdirmişdir.

Uzun illər Azərbaycan Dövlət Universitetində Vətən tarixindən ümumi və xüsusi kurslar aparan Z.İ.İbrahimovun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

AEA-nın müxbir üzvü Z.İ.İbrahimov «Oktyabr inqilabi», «Şərəf nişanı» ordenləri, bir çox medal və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür.