Qaraş Əli oğlu Mədətov
(10.02.1928-01.07.1993)
AEA-nın müxbir üzvü Q.Ə.Mədətov 1928-ci il fevralın 10-da anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-ci ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir.

Q.Ə.Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna isə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək «Azərbaycanın müasir dövr tarixi» şöbəsinə rəhbərlik etmişdir.

Q.Ə.Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönəltmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən «Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması», «Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945-ci illərdə)» və b. monoqrafiyaların müəllifidir.

O, eyni zamanda, 3 cildlik «Azərbaycan tarixi» və «Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri» kitablarında «Azərbaycan Böyük Vətən müharibəsində» bölmələrinin də müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə «Azərbaycan Böyük Vətən müharibəsi dövründə» (2 cildlik), «Azərbaycanın qırmızı Ulduzları», «Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır» və «Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri» (3 cildlik) və digər əsərlər nəşr olunmuşdur.

Q.Ə.Mədətovun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyaları müdafiə edilmişdir.

AEA-nın müxbir üzvü Q.Ə.Mədətov «Azərbaycan SSR Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdü. Bundan başqa, o, «Şərəf Nişanı» ordeni, müxtəlif medallarla və fəxri fərmanlarla təltif olunmuşdur.