Oqtay Əbdül oğlu Əfəndiyev
AMEA-nın müxbir üzvü O.Ə.Əfəndiyev 1926-cı il martın 26-da anadan olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1946-1950-ci illərdə Moskva Şərqşünaslıq institutunun İran bölməsində təhsilini davam etdirmişdir. 1950-ci ildə Bakıya qayıtmış, 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasına ezam edilmiş və 1955-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildə Bakıya qayıtmış və Tarix İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsində işə başlamışdır. 1957–1958, 1970-1972-ci illərdə həmin şöbənin rəhbəri vəzifəsi ona həvalə edilmişdir. 1975-ci ildə müsabiqə yolu ilə Azərbaycanın orta əsrlər tarixi şöbəsinin rəhbəri seçilmişdir. O.Ə.Əfəndiyev 1969-cu ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1993-cü ildə professor elmi adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

AMEA-nın müxbir üzvü O.Ə.Əfəndiyev Azərbaycanda tarix elminin veteranlar nəslinə mənsubdur. Onun elmi yaradıcılığının əsas istiqaməti Azərbaycanın orta əsrlərdə dövlətçilik tarixinin araşdırılması ilə bağlıdır. O, ilk dəfə olaraq Şah İsmayılın qurduğu Səfəvilər (qızılbaşlar) dövlətinin təşəkkülü və inkişafında xalqımızın müstəsna və aparıcı rolunu elmi cəhətdən əsaslandırmış və bu dövlətin Azərbaycan dövləti olduğunu göstərmişdir. Həmin dövrün mənbəşünaslığına aid Fəzlulla Ruzbihanın «Tarixi aləm-arayi Əmini» (B., 1987) və Azərbaycan səyyah və diplomatı «Oruc bəy Bayat-İranlı Don Juanın kitabı» (B., 1988) əsərlərini (birgə) ilk dəfə nəşr etdirmişdir.

AMEA-nın müxbir üzvü O.Ə.Əfəndiyev 150-ə qədər elmi məqalə, rəy və kollektiv əsərlərin (o cümlədən, 30-u xaricdə) müəllifidir. O, «Azərbaycan tarixi»nin (7 cildlik) akademik nəşrinin Baş Redaksiya Şurasının üzvü, XIII-XVIII əsrləri əhatə edən III cildin məsul redaktoru və əsas müəlliflərindəndir. Azərbaycanda səfəvişünaslıq elmi məktəbinin əsasını qoymuş alim həmin sahə üzrə 9 elmlər namizədinin rəhbəri olmuşdur.

O, dəfələrlə beynəlxalq elmi konfrans və toplantıların (Moskva, Sankt-Peterburq, Alma-Ata, Daşkənd, London, Medison, İstanbul, Ankara, Qeysəriyyə və s.) iştirakçısı və məruzəçisi olmuşdur.

AMEA-nın müxbir üzvü O.Ə.Əfəndiyev 1986-cı ildə «Şərəf nişanı» ordeni, 2004-cü il fevralın 14-də Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdir.