İvan İvanoviç Meşşaninov
(06.02.1883-16.01.1967)
Akademik İ.İ.Meşşaninov 1883-cü il fevralın 6-da anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə isə AEA-nın fəxri akademiki seçilmişdir. O, 1936-1937-ci illərdə Tarix İnstitutunun direktoru olmuşdur.

İ.İ.Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926-1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə siklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir.

İ.İ.Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən M.Şirəliyev, Ə.Dəmirçizadə, İ.Cəfərzadə, S.Qazıyev və başqaları onun yetirmələri olmuşlar.

Akademik İ.İ.Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.