İsmayıl Abbas oğlu Hüseynov
(15.12.1910–08.11.1969)
Akademik İ.A.Hüseynov 1910-cu il dekabrın 15-də anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərq fakültəsinin hüquq şöbəsinə daxil olmuş və 1933-cü ildə təhsilini başa vurmuşdur. Həmin ildə Moskva şəhərində SSRİ MİK-si yanında Millətlər İnstitutunun tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1941-ci ildə namizədlik, 1947-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. O, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı olmuşdur.

İ.A.Hüseynov iki dəfə (1941–1944; 1958–1960) AEA Tarix İnstitutunun direktoru olmuş, 1960–1966-cı illərdə isə AEA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. O, 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.

İ.A.Hüseynov yüzə yaxın elmi əsərin müəllifidir. Onun 1941-1945-ci illər müharibəsi dövründə çap etdirdiyi «Görkəmli dövlət xadimi Şirvanşah İbrahim» və «Şah İsmayıl Səfəvi» əsərləri həmin dövlət xadimlərinə Azərbaycan tarixşünaslığında obyektiv qiymət verilməsi baxımından mühüm hadisə idi. Akademik Ə.S.Sumbatzadənin qeyd etdiyi kimi, Səfəvi dövlətinin erkən dövründə Azərbaycan dövləti olması haqqında tarixşünaslıqda ilk dəfə İ.A.Hüseynov fikir söyləmişdir. İ.A.Hüseynov 3 cildlik «Azərbaycan tarixi»nin nəşrə hazırlanması işinə rəhbərlik edənlərdən, onun müəlliflərindən və redaktorlarından biri olmuşdur. O, 40-dan artıq namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi olmuşdur.

İ.A.Hüseynov 1944–1948-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş və Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrasına rəhbərlik etmişdir.

İ.A.Hüseynov 1960-cı ildə İsveçdə, 1964-cü ildə Hindistanda, 1965-ci ildə isə Avstriyada tarixçilərin və şərqşünasların beynəlxalq konqreslərində məruzələrlə çıxış etmiş, Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.

Akademik İ.A.Hüseynov Azərbaycan SSR Ali Sovetinin «Fəxri fərmanı» ilə təltif olunmuş və «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.