İNSTİTUT HAQQINDA ÜMUMİ MƏLUMAT
70 illiyini qeyd etməyə hazırlaşan Tarix İnstitutu milli tarixin öyrənilib doğma xalqa çatdırılması sahəsində böyük uğurlarla zəngin inkişaf yolu keçmişdir.

Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi tədqiqat institutunun – bu günkü A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulmuşdur.

Elmi tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-cı ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə AEA Rəyasət Heyəti yanında Fəlsəfə Sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor AEA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilmişdir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna yarandığı gündən indiyədək aşağıdakı alimlər rəhbərlik etmişlər:

İ.İ.Meşşaninov (1936-1937); A.R.Ziffeld (8.V.1937–13.VII.1937); İ.Z.Həsənov (19.VII.1937–17.II.1938); A.A.Klimov (17.II.1938–1.I.1939; direktor vəzifəsini icra edib); Y.D.Kozin (9.I.40–28.X.1940); A.A.Klimov (29.X.1940–10.IV.1941); İ.A.Hüseynov (10.IV.1941–25.II.1944); Ə.Ə.Əlizadə (25.II.1944–16.VI.1950); M.X.Şərifli (16.VI.1950–16.II.1951; direktor vəzifəsini icra edib); V.Y.Səmədov (16.II.51–14.VI.52); M.S.İsgəndərov (14.VI.52–5.V.53); Ə.N.Quliyev (5.V.53–16.I.58); İ.A.Hüseynov (17.I.58–12.XI.60); Z.İ.İbrahimov (12.XI.60–6.VI.67); Ə.N.Quliyev (6.VI.67–6.XI.69); Ə.S.Sumbatzadə (16.IV.70–24.III.72; direktor vəzifəsini icra edib); C.B.Quliyev (27.III.72–17.I.78); İ.H.Əliyev (17.I.1978–11.VI.2004).

2004-cü il sentyabrın 13-dən Tarix İnstitutuna Y.M.Mahmudov rəhbərlik edir.